XƏBƏR
13:40

  “Wood Mackenzie”: TANAP-ın tikintisinin başa çatması həm Azərbaycan, həm də Aİ üçün əlamətdar an olacaq

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin başa çatması böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycan qazının ilk dəfə Qərbi Türkiyəyə çatacağını ifadə edir.

Agyol.az xəbər verir ki, "Wood Mackenzie" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Robert Morris deyib.

O bildirib ki, BOTAŞ şirkətinin bu boru kəməri ilə ildə altı milyard kubmetr qazın tədarükü ilə bağlı müqaviləsi Azərbaycandan Türkiyəyə qaz ixracı həcmini demək olar ki, iki dəfə artıracaq:

"TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin vacib tərkib hissəsidir. 1,8 min kilometr uzunluğu olan TANAP Cənub Qaz Dəhlizinin ən uzun hissəsidir. Bu mürəkkəb layinə optimallaşdırma, eləcə də türk lirəsinin məzənnəsinin azalması sayəsində büdcə çərçivəsində vaxtında işə salınıb".

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək:

"Bu, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əlamətdar an olacaq, çünki qaz Yunanıstan və İtaliyaya daxil olacaq".

R.Morris əlavə edib ki, Cənub Qaz Dəhlizi bütün tərəflər üçün böyük strateji əhəmiyyət daşıyır:

"Azərbaycan qazı Türkiyə, Yunanıstan və İtaliyaya qaz tədarükünün şaxələndirilməsini və təhlükəsizliyini təmin edəcək. Eyni zamanda yeni infrastruktur Azərbaycan üçün yeni bazarlar açır ki, bu da nəhəng "Şahdəniz" yatağında hasilatı növbəti üç il ərzində 150 faizdən çox artırmağa imkan verəcək".

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.




  Yayım tarixi :30 Noyabr 2019   13:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .