XƏBƏR
12:30

  “The Jerusalem Post”: Azərbaycan dinlərarası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl örnəyidir

Gündəm

Xəbər lenti
11 Dekabr 13:16Sabah yağış yağacaq
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Bakı bir neçə gün əvvəl yenidən dini və etnik tolerantlığın beynəlxalq platformasına çevrildi. Burada dünyanın dini liderlərinin ikinci Zirvə görüşü uğurla keçirildi.

Agyol.az xəbər verir ki, bu barədə İsrailin ingilisdilli “The Jerusalem Post” qəzetində dərc etdirdiyi “Azərbaycan dinlərarası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl örnəyidir” sərlövhəli məqaləsində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut bəhs edib.

İsrailli ekspert yazıb: “Azərbaycan dövlətinin təşkil etdiyi dünyanın dini liderlərinin II Bakı Zirvə Görüşünün konkret məqsədi var idi – qlobal müstəvidə konfessiyalararası dialoqun inkişafı və möhkəmləndirilməsi, qarşılıqlı anlaşma və həmrəylik, tolerantlıq və multikulturalizm kimi universal dəyərlərin təbliği və inkişaf etdirilməsi. Bütün bu dəyərlər Prezident İlham Əliyevin təşəbbüskarı və təşkilatçısı olduğu “Bakı Prosesi”, “Multikulturalizm ili” və “İslam Həmrəyliyi İli”, o cümlədən Dünya Dini Liderlərinin Zirvə Görüşü çərçivəsində həyata keçirilən beynəlxalq tədbirlərin, həmçinin Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Dialoq Mərkəzinin verdiyi töhfənin məntiqi davamıdır”.

Məqalə müəllifinin fikrincə, tarixən azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, bu gün hər bir Azərbaycan vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Arye Qut əlavə edib: “Azərbaycan əksərən müsəlman ölkəsidir, habelə digər etnik və dini qrupların da evidir. Milli azlıqlara olan hörmət və dözümlülük Böyük İpək Yolunun mövcudluğu illərindən müasir dövrədək ölkənin inkişafında mühüm rol oynayıblar.

Azərbaycanın dini və milli tolerantlıq ənənələri üçün əsl sınaq Sovet İttifaqının dağılması və dezinteqrasiya oldu. Bu cür narahat zamanda Ermənistan işğal və etnik təmizləmə həyata keçirdi, Azərbaycan torpaqlarının 20 faizini işğal etdi, nəticədə, indi Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var”.

İsrailli ekspertin sözlərinə görə, bu cür irimiqyaslı soyqırımı aktı və kütləvi qırğına, qətl və köçlərə rəğmən, dinc yanaşı yaşamağın əsas prinsipi Azərbaycan cəmiyyətinin həyat ahənginin mahiyyətini müəyyən etməyə davam edir. Məqalədə deyilir: “Dəhşətli qanlı münaqişəyə baxmayaraq, Azərbaycan cəmiyyəti həqiqi harmoniyasını və ölkədəki dini və etnik qruplar arasında dialoq atmosferini qoruyub saxlayıb. Azərbaycanlılar heç vaxt yəhudilərə əcnəbilər kimi baxmayıblar. Qədimdən yəhudi xalqı Azərbaycan ərazisində heç zaman təqib, təhqir, talan və antisemit hərəkətlərə məruz qalmayıb. Haçansa Azərbaycanda olan hər bir yəhudi təsdiq edə bilər ki, burada yaşayan yəhudilər sakitcə və polis maneələrini aşmadan sinaqoqu ziyarət edə, şəhərdə öz milli geyimində və papağında gəzə bilərlər. Halbuki günümüzdə Qərbin bir neçə inkişaf etmiş ölkəsində belə, bunları etmək demək olar ki, mümkün deyil və çox təhlükəlidir”.

Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuper ilə görüşündə bəyan edib: “Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub...Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər”.

“Prezident İlham Əliyevin bu bəyanatı bir daha yəhudi xalqına hörmət və ehtiramı nümayiş etdirdi. İsrail vətəndaşı olaraq, mən MDB sammitindəki çıxışında cəsarətinə, igidliyinə və diplomatik məharətinə görə İlham Əliyevə təşəkkürümü bildirirəm. Prezident Əliyev postsovet məkanında və Şərqi Avropa ölkələri arasında nasistlərin əlaltısı və Ermənistanda altı metrlik heykəli qoyulan Njdedən açıq şəkildə danışan yeganə liderdir. Biz xalqların öz tarixini, tarixi keçmişini suveren şəkildə yazmaq və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək hüququna qarışmırıq. Lakin dəhşətli Holokost cinayətlərində əli olan şəxslərin milli qəhrəmana çevrilməsinə də susmamalıyıq.

Biz, israillilər üç il əvvəl Yerevanda nasist əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına necə baxmalıyıq? İnsanlığa qarşı cinayətdə ittiham olunmuş faşist canisini özünün milli qəhrəmanı elan etmək olarmı? Erməni faşisti və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi rüsvayçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir olunmasıdır. Şəxsən mənim, babasının bütün ailə üzvlərinin Ukraynada faşistlər tərəfindən məhv edildiyi insan üçün bu, qəlbimdə daşıdığım sağalmaz yaradır. Məhz buna görə bu, mənim üçün şəxsi faciədir” deyə Arye Qut vurğulayıb.

Məqalə müəllifi qeyd edib ki, artıq uzun illərdir Ermənistanda olan kiçik yəhudi icması mənəvi təqiblərə məruz qalır, orada antisemit kitablar nəşr olunur, televiziya kanallarında antisemit verilişlər hazırlanır, habelə Yerevandakı Holokost qurbanlarının xatirəsinə qoyulmuş abidə də dəfələrlə təhqir edilib.

Arye Qut yazıb: “Mənim nöqteyi-nəzərimdən, Yerevanda erməni faşisti və antisemit Qaregin Njdeyə abidə ucaldılması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm mənim xalqımın nümayəndələrini, həm də sovet əsgərlərini məhv edən bu faşistlərə miqyaslı pərəstiş yaradılıb.

Azərbaycanda tamamilə başqa vəziyyət mövcuddur. Mən çıxış etdiyim bütün beynəlxalq platformalarda bu barədə böyük məmnuniyyətlə danışıram. İsrail vətəndaşı kimi mən fəxrlə deyə bilərəm ki, Azərbaycanın rəhbərliyi və şəxsən Prezident İlham Əliyev yəhudi icmasına böyük dərəcədə hörmət və ehtiramla yanaşırlar. İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda ilk yəhudi muzeyinin – ilk Azərbaycan yəhudi muzeyinin yaradılması nəzərdə tutulur”.

İsrailli ekspert daha sonra qeyd edib: “Bütün dünyada məşhur olan Quba rayonunun Qırmızı Sloboda kəndi - Azərbaycanın “Qafqaz Qüdsü” İsraildən kənarda dağ yəhudilərinin kompakt yaşadığı yeganə məskən hesab olunur və ölkənin əsl qürurudur. Azərbaycanlılar və yəhudilər bu regionda sülh şəraitində, ahəngdar əsl qardaş kimi yaşayıblar”.

Məqalə müəllifinin sözlərinə görə, İsrail Dövləti də Azərbaycanın yəhudi icmasına münasibətini yüksək qiymətləndirir. “Hörmət və tərəfdaşlığı ehtiva edən bu ənənələr olmadan Azərbaycan və İsrail arasında bu cür sıx əlaqələr də olmazdı. İsrail və Azərbaycan, habelə Azərbaycan və bu ölkədəki yəhudilər arasında münasibətlər təkcə qarşılıqlı maraqlarla izah oluna bilməz. Ortaq dəyərlər və müştərək tarix müasir dövlətlərarası münasibətlərin məhək daşıdır. Hər iki ölkə insani münasibətlər və müxtəlif, dini tolerantlıq olan cəmiyyətlə zənginləşib”, -deyə müəllif vurğulayıb.

Beləliklə, Arye Qutun fikrincə, “bu gün dünyada etiqadın rolu, din, təhsil, dayanıqlı inkişaf, habelə mədəniyyətlər və sivilizasiyalar arasında etimadın və əməkdaşlığın möhkəmlənməsində zorakı ekstremizmin qarşısının alınması kimi məsələlərin Şərqin və Qərbin siyasi, dini və intellektual elitasının, islam, yəhudi və xristian aləmləri tərəfindən müzakirə edildiyi bu cür qlobal platforma yoxdur”.

“Dünya dini liderlərinin ikinci Zirvə Görüşü dinlərarası və sivilizasiyalararası dialoqun bütün dünyada vacibliyi barədə informasiyanın yayılması, xalqları arasında tolerantlığın, müxtəlifliyin, multikulturalizmin, dialoqun və qarşılıqlı anlaşmanın insanlar və ölkələr üçün stimullaşdırılması üzrə əsl beynəlxalq platformadır. Azərbaycan dinlərarası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl örnəyidir”, - deyə Arye Qut məqaləsinin sonunda yazıb.




  Yayım tarixi :26 Noyabr 2019   12:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .