XƏBƏR
11:07

  Səfir: "Bolqarıstanlı nazirin Bakıya səfəri cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa töhfə verəcək"

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsini təqdim edir:- Məlum olduğu kimi, Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bilmək istərdik ki, səfər zamanı keçirilmiş görüşlərdə hansı məsələlər müzakirə mövzusu olub?- Öncəliklə qeyd etmək istərdim ki, Bolqarıstan Respublikası Daxili İşlər naziri Mladen Marinovun ölkəmizə səfəri Azərbaycan Respublikası Daxili İşlər Nazirinin rəsmi dəvətinə əsasən həyata keçirilib. Nazir Mladen Marinov və onu müşayiət edən nümayəndə ilk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, ulu öndərin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edərək "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar.Səfər çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı münasibətlərin çox uğurla inkişaf etdiyi və ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcudluğu vurğulandı. Bu zaman ölkələrimiz arasında xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıqdan söhbət açan cənab Prezident Bolqarıstanın Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının işində həmişə nazir səviyyəsində iştirak etdiyini qeyd etdi. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra ölkələrimizin biznes qurumlarının daha çox əlaqə saxlayacağını və daha sıx əməkdaşlıq edəcəyini vurğuladı. Azərbaycanın artıq qonşu ölkələrə və digər dövlətlərə yüklərin Şərq-Qərb marşrutu ilə daşınması üçün tranzit xidmətləri göstərdiyini qeyd edən dövlət başçısı bu mühüm dəhlizin genişləndirilməsinin əməkdaşlıq üçün əlavə imkanlar yaradacağına əminliyi diqqətə çatdırdı. Daxili işlər orqanlarının ictimai asayişin qorunması və vətəndaşların dinc yaşayışının təmin edilməsində mühüm vəzifə yerinə yetirdiyini qeyd edən cənab Prezident istər Bolqarıstanda, istərsə də Azərbaycanda ictimai-siyasi sabitlik və asayişin xalqın iradəsi ilə təmin olunduğunu diqqətə çatdırdı.Səfər çərçivəsində, 21 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov nazir Mladen Marinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.Görüşlər zamanı Azərbaycan Respublikasının dövlət sərhədindəki mövcud vəziyyət və ona qarşı təhdidlərdən söhbət açıldı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərin işğal olunduğu, o cümlədən bu ərazilərin qeyri-qanuni məqsədlərlə üçün istifadə edildiyi diqqətə çatdırıldı. Ardınca, Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizdə əldə olunmuş nailiyyətlərə toxunularaq sosial-iqtisadi inkişaf barədə qonaqlara müfəssəl məlumat verildi. Daxili işlər orqanlarının gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa olunması, kriminogen durumun nəzarət altına alınması, müasir ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verildi. Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlara toxunularaq fəaliyyətin beynəlxalq norma və standartlara uyğunlaşdırılması, insan hüquq və azadlıqları ilə bağlı yeni normativ hüquqi bazanın yaradılması barədə danışıldı. Transsərhəd cinayətkarlıqla mübarizə sahəsinə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üçün görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verildi. Həmçinin, əcnəbilərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu vurğulanaraq miqrantların, o cümlədən xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığa olan maraqdan söhbət açıldı.Əlavə etmək istərdim ki, nazir Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə də tanış oldu. Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verildi. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılmasının səmərəli dövlət idarəçiliyinin təmin edilməsi mühüm nailiyyət olduğu qeyd olunub.- Fikrinizcə, Bolqarıstan Respublikasının Daxili İşlər nazirinin səfəri Azərbaycan-Bolqarıstan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?- Məlum olduğu kimi səfər çərçivəsində "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Bolqarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"ə əlavə Protokol imzalanıb.2015-ci ildə Azərbaycan-Bolqarıstan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, habelə yüksək səviyyəli qarşılıqlı səfər və təmasların intensivləşməsi faydalı əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verir. Bu xüsusda, sonuncu səfərin ölkələrimizin hüquq-mühafizə orqanları arasında ikitərəfli əməkdaşlığın möhkəmlənməsində önəmli mərhələ olacağına inanırıq. Çünki, terrorizm, ekstremizm, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri qarşılıqlı mübarizə səylərinin birləşdirilməsini, habelə beynəlxalq xarakterli təhlükələrə qarşı birgə tədbirlərin görülməsi operativ informasiya və qabaqcıl təcrübə mübadiləsini şərtləndirir. İlk dəfədir ki, Avropa İttifaqına üzv dövlətlə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair əlavə Protokol imzalandı. Həmin sənəddə hər iki tərəfin maraq və mənafeləri, həmçinin beynəlxalq öhdəlikləri nəzərə alınıb. Bu mənada onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə əməkdaşlığa töhfə verəcəyinə inanırıq. Həmçinin, nümayəndə heyətləri regionda cərəyan edən hadisələr və sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi apardılar. Fikrimizcə, transsərhəd cinayətkarlığının təzahürləri ilə mübarizənin aparılması, sərhəd mühafizəsi və nəzarəti sahəsində praktiki fəaliyyətlərin əlaqələndirilməsi və aidiyyəti sahələr üzrə təcrübə mübadiləsinin təmini sərhəd sahəsində əməkdaşlığa növbəti fayda olacaq. Miqrasiya prosesləri ilə bağlı daha sıx görüşlərin təşkili isə hər iki ölkənin miqrasiya proseslərinin tənzimlənməsi üçün yeni və daha əlverişli imkanların yaradılmasına zəmin yaradacaq.




  Yayım tarixi :26 Noyabr 2019   11:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .