XƏBƏR
17:02

  Siyavuş Novruzov: Azərbaycanda müasir tibbi avadanlıqlar var, amma onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil

Gündəm

Xəbər lenti

İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var.

Agyol.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə “Tibbi sığorta haqqında”qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu məsələ tək qanunla həll olunası deyil. S.Novruzovun sözlərinə görə, insanlara sığorta sistemindən necə istifadə olunması izah edilməlidir:

“Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq sistemin mahiyyəti izah olunmalıdır. İnsanlar hesab edir ki, qanun qəbul edildi və hansı xəstəliyi olsa sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır. Ona görə də insanlara izah edilməlidir ki, paketə nələr daxildir və proses necə olacaq”.

S.Novruzov peşəkar kadrların çatışmazlığı məsələsinə də toxunub. O qeyd edib ki, işdə peşəkar kadr potensialına ehtiyac var: “Kimlərsə bu günə qədər yarım ştat işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərək və s. kimi suallar öz cavabını tapmalıdır. Biz həkimlərin iş sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir. Elə hal da olur ki, Azərbaycan Tibb Universitetini bitirən şəxslər məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyirlər. Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur”.

S.Novruzov bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlandığını diqqətə çatdırıb: “Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılıqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər yetərli qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir. İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, pulumu ödəmişəm və tələb edəcək ki, mənə düzgün diaqnoz qoyun. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”.




  Yayım tarixi :25 Noyabr 2019   17:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .