XƏBƏR
15:10

  Vitse-spiker məcburi köçkünlər barədə: Hüquqları, güzəştləri müəyyən etmişiksə, hər kəs bundan bərabər istifadə etməlidir

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi

Milli Məclisin sədr müavini Bahar Muradova məcburi köçkünlərin statusu ilə bağlı narazılıq yaradan bəzi məsələləri qaldırıb.

Agyol.az xəbər verir ki, B.Muradova, eyni zamanda bu məsələ ilə bağlı daha əvvəl çıxış edən deputat Elman Məmmədovun qaldırdığı problemlərə münasibət bildirib:

“İşğal altında olan rayonları təmsil edən deputatlarıq. Məcburi köçkünlərlə gündəlik ünsiyyətdə oluruq. Problemlər ölkə başçısının qayğısı ilə azalmaqdadır. Məcburi köçkün statusu ilə bağlı məsələlər var ki, özündən sonra bir sıra problemlər yaradır. Statusun bu və ya digər səbəbdən ləğv olunması, yaxud kimlərəsə şamil edilməməsi müəyyən problemlər yaradır. İnsanlar da zaman-zaman bu narazılıqlarını ifadə edirlər.

Hər vətəndaş qəbulunda onlarla belə şəxs bizə müraciət edir. Bununla da bir növ qapalı dairə yaranır. Onlar bizə, biz isə rayon icra hakimiyyətlərinə və “Qaçqınkom”a müraciət edirik. Onlar da bizə cavab məktubu yazırlar ki, filan nömrəli sərəncamın filan bəndinə görə bu problemləri həll etmək mümkün deyil.

Biz də özlüyümüzdə bu cavabı almaq üçün müraciət etmirik. Müraciət edirik ki, mövcud problemlər həll olunsun. Problemlər də həll olunmadıqca üst-üstə yığılır və insanların haqlı narazılığına səbəb olur. Son vaxtlar belə müraciətlərin sayı artıb.

Təhlilim nəticəsində məlum olub ki, bu problem təkcə Fizuli rayon ərazisində 12 min nəfərədək əhalini əhatə edir. Çünki Nazirlər Kabinetinin məlum sərəncamı ilə köçkün statusu alan şəxslər təminatlardan məhrum oldular. Müəyyən məntiqlə bu qərarı qəbul ediblər, hər kəs də bunu qəbul edə bilmir və anlaşılmır. Misal olaraq, daxili işlər orqanlarında, dövlət qulluğunda çalışan və hərbi xidmətdə olan soydaşlarımıza verilən müavinətlər dayandırılır. Həmçinin bu və ya digər güzəştlərdən istifadə edə bilmirlər.

B.Muradova vurğulayıb ki, dostu, yaxın qohumu tərəfindən onlara bağışlanan bir otaqlı mənzil varsa, həmin şəxslər bu təminatlardan məhrum olunur: "Burada bərabərsizlik yaranır. Hüquqları, güzəştləri müəyyən etmişiksə, onda hər kəs bundan bərabər istifadə etməlidir. Problem həllini tapmayıb, həmin şəxslər işğal olunan evlərinə qayıtmayıb. Ona görə də status hələ də onun üzərindədir. Lakin statusun onlara verdiyi imkanlar məhdudlaşıb.

Anlayıram ki, bu, müəyyən qədər çətinliklər olan dövrdə qəbul edilən qərar idi. Hesab edirəm ki, getdikcə ölkə başçısı tərəfindən sosial sahəyə yönələn diqqət və qayğı hər cür problemlərlə üz-üzə olan insanlardan yan keçməməlidir. Bir çətinlik də odur ki, eyni kənddən olan eyni statuslu şəxslərin bir qismi bundan istifadə edir, digər qismi isə hansısa yanaşmalara görə istifadə etmir. Hərbi xidmətdən qayıdan gənclərin yenidən həmin statusu bərpa etməsi məsələsində problemlər yaranır. Bu şəxs halbuki başqa ölkəyə getməyib, vətəndaşlığını dəyişməyib. Hərbi xidmətə gedib qayıdıbsa necə ola bilər ki, statusunu bərpa edib lazımi yerdə qeydiyyata düşə bilməsin?

Ailəsindən boşanıb yenidən məcburi köçkün yataqxanasında yaşayan valideynlərinin yanına qayıdan qadınların yenidən orada qeydiyyata düşməsi qeyri-mümkündür. Halbuki onun şəxsiyyət vəsiqəsində illərlə burada qeydiyyatda olduğu yazılıb. Bununla bağlı heç kimi qınamıram. Çünki aidiyyəti qurumlar bu məsələdə səlahiyyətə malik deyillər. Ona görə də həmin sərəncama yenidən baxılması bu məsələlərə yeni yanaşmaların olmasına gətirib çıxarardı. Hökumətdən xahiş edirəm ki, məsələni diqqətdə saxlasın və getdikcə artan problemlərin qarşısını birlikdə alaq”.




  Yayım tarixi :25 Noyabr 2019   15:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .