XƏBƏR
18:58

  Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır

Gündəm

Xəbər lenti
Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır.
Agyol.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 23-də Moskvada işini Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Kosmos" binasında davam etdirən X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edərkən deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva bildirib:
"Onuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun bütün iştirakçılarını ürəkdən salamlayıram.
Hörmətli Valentina İvanovna, Azərbaycan nümayəndə heyəti adından, ilk növbədə, sizə bu forumda iştirak etdiyinizə, həmçinin bizim ölkəmizə xeyirxah münasibətinizə görə təşəkkürümüzü bildirmək istəyirəm. Yubiley forumunun bütün təşkilatçılarına və iştirakçılarına səmimi qəbula görə təşəkkür edirəm.
Sizin ölkənizə rəsmi səfərə dəvət edilməyimə və mənə yüksək mükafatın - "Dostluq" ordeninin təqdim edilməsinə görə Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni mənə şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin təqdim etməsi mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan dostluq, mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi kimi qəbul edirəm.
Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Hörmətli xanımlar və cənablar, Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət telləri bağlayır. Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri sayəsində bu gün bizim əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri kəsb edib. Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir.
Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiya Federasiyasında açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir.
Hörmətli Valentina İvanovna, siz çox nikbin rəqəmlər səsləndirdiniz. Mən onları təkrar edəcəyəm, lakin zənnimcə, həmin rəqəmlər o qədər pozitivdir ki, onları bir daha təkrarlamağa dəyər. Ticarətdə müsbət dinamika müşahidə edilir. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir. Məsələn, "SOCAR Polymer" zavodu inşa edilib, "Azərikimya" müəssisələri modernləşdirilir, Gəncə avtomobil zavodunda "KamAz" Səhmdar Cəmiyyətinin və "Ural" avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində "QAZ" markalı avtomobillərin yığılması üzrə zavod tikilir. "P-farm" əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında "Şimal-Cənub" enerji dəhlizinin yaradılması üzrə iş aparılır.
Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq. Yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.
Nəqliyyat-tranzit sahəsi bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biridir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. "Şimal-Qərb" beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb.
Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.
Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır.
Əziz dostlar, ölkələrimiz arasında əməkdaşlıq çoxtərəflidir. Eyni zamanda, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial imkanlar var. Əminik ki, bizim birgə səylərimizlə yeni qarşılıqlı faydalı layihələr reallaşacaq. Bu, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın ruhuna uyğundur.
Forum iştirakçılarına səmərəli iş arzulayır, ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsini diləyirəm.
Sonda Rusiya Federasiyasının rəhbərliyinə, şəxsən Prezident Vladimir Vladimiroviç Putinə, Rusiya Hökumətinin başçısı Dmitri Anatolyeviç Medvedevə, hörmətli Valentina İvanovna, sizə, bir daha təşəkkür etmək istəyirəm. Bu gün mənim Rusiya Federasiyasına rəsmi səfərimin üçüncü günüdür. Üç gün ərzində hiss etdiyim səmimi dostluq ab-havasına, keçirilmiş çox faydalı, məhsuldar görüşlərə görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bizim münasibətlərimiz gələcəkdə də Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentlərinin siyasi iradəsi, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, onların arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində durmadan inkişaf edəcək. Moskvada olmağıma çox şadam. Moskva gözəl şəhərdir. Məni onunla tələbəlik illərim bağlayır. O mənə yaxın, doğma şəhərdir. Moskvaya gələndə həmişə sevinirəm və hər dəfə bu şəhərin necə gözəlləşdiyini görürəm.
Sizə, bütün dostlarımıza bir daha təşəkkür edirəm. Fürsətdən istifadə edib sizi Azərbaycana dəvət etmək istəyirəm. Çox sağ olun. Forumun işinə uğurlar arzulayıram. Sağ olun".




  Yayım tarixi :23 Noyabr 2019   18:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .