XƏBƏR
12:20

  Azərbaycan və Türkiyənin növbəti möhtəşəm layihəsi yekunlaşır

Gündəm

Xəbər lenti
09 Dekabr 11:41Messi Ronaldonu keçdi
İki qardaş ölkənin prezidentləri "Avropaya qaz verməyə hazırıq” mesajını verəcəklər. Noyabrın sonunda tək regionda deyil, dünya miqyasında ən möhtəşəm layihələrdən biri – TANAP-ın yekun mərhələsinin işə düşməsi mərasimi keçiriləcək. Bəlli olduğu kimi, bu layihənin işə düşməsi ilə Azərbaycan qazı Türkiyəyə, oradan isə Avropaya nəql olunacaq. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, Ankara və Bakı TANAP-ı ən əhəmiyyətli layihələrdən biri hesab edirlər. Müəllif yazır ki, bu layihənin reallaşması Rusiya ixracına hər hansı bir təsir etməyəcək. Lakin ardınca ehtiyatla əlavə edilir ki, TANAP Rusiyanın qaz layihələrinə ilk "zərbəni” vurmaq qabiliyyətinə malik ola bilər. Nəşrin qənaətincə, bu ehtimalı gücləndirən amil Türkiyənin "Şahdəniz” qazı ilə kifayətlənməyərək, türkmən qazına da maraq göstərməsi ola bilər. Bunun reallaşması isə yalnız və yalnız Transxəzər qaz kəmərinin işə düşməsi ilə mümkün ola bilər. Bu layihə isə hələ ki, real deyil.Müəllif yazır ki, TANAP layihəsinin son fazasının açılışı noyabrın 30-da Ədirnə vilayətinin İpsala məntəqəsində olacaq. Mənbənin sözlərinə görə, TANAP layihə kimi iki yerə bölünüb – Əskişəhərdən İpsalaya qədər və sonrakı mərhələ. Türkiyəyə qazın nəqlini nəzərdə tutan və Əskişəhərə kimi olan layihənin birinci hissəsi ötən il yekunlaşıb. "Bu il isə biz praktiki olaraq boru xəttinin tam şəkildə inşasını başa çatdırdıq”, - deyə mənbə bildirib. Tədbirdə prezidentlər  - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər. TANAP-a həsr olunan təbirin yüksək səviyyədə keçiriləcəyini Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz də təsdiqləyib. O, dəqiqləşmə apararaq bildirib ki, TANAP bizim ən vacib və əhəmiyyətli layihələrdən biridir. Mənbənin sözlərinə görə, TANAP boru xətti ilə artıq 3 mlrd. kub metrdən çox qaz ixrac olunub. Avropaya qazın nəqli isə artıq gələn ildən, TAP layihəsi başa çatdıqdan sonra başlayacaq. TANAP və TAP "Cənub Qaz Dəhlizi”nin hissələridir. TANAP-ın ilkin qaz buraxma gücü il ərzində 16 mlrd. kub metr götürülür – təqribən 6 mlrd. kub metr Türkiyəyə, yerdə qalanı isə Avropaya nəql ediləcək. Lakin perspektivdə boru xəttinin gücü il ərzində 24, sonra isə 31 mlrd. kub metrə çatdırıla bilər. Avropaya qaz nəqlinin tək Azərbaycan qazı deyil, türkmən, İran, İraq, hətta qazax qazı hesabına artırılması nəzərdə tutulur. SOCAR-ın proqnozlarına görə, TANAP Türkiyənin qaza olan tələbatının 12 faizini ödəyə biləcək.Ekspertlər qeyd edir ki, ilk baxışda TANAP-ın işə düşməsi Rusiyanın ixrac layihələrinə heç bir təhlükə törətmir. "TANAP çox maraqlı, lakin lokal tarixçədir. Avropa bazarı miqyasında Qazprom üçün elə də ciddi əhəmiyyətli təhlükə deyil”, - deyə qəzetə açıqlamasında Hüquqi inkişaf Fondunun direktoru Aleksandr Paxomov bildirib. Onun sözlərinə görə, TANAP-ın buraxılış qabiliyyəti kifayət qədər böyük deyil. Tək "Türk axın”ının iki hissəsinin gücü il ərzində 31,5 mlrd. kub metrdir. "Formal olaraq "Cənub dəhlizi” "Türk axını” ilə rəqabət aparacaq. Lakin faktiki olaraq onlar bir-birini tamamlayır, daşınmaların diversifikasiyasını təmin edir”. Bunu isə "Finam” şirkətinin strategiya üzrə direktoru Yaroslav Kabakov bildirib. Əlavə edib ki, "Cənub Qaz Dəhlizi”nin yaradılması ideyası çoxdan bəlli idi və Rusiyanın layihələri də buna müvafiq reallaşır. Öz növbəsində "Alpari” mərkəzinin sədr müavini Natalya Milçalkova Avropa İttifaqının qaz direktivasını xatırladır. Ona müvafiq olaraq Aİ ərazisinə qaz tədarük edən şirkət qaz kəmərinin 50 faizindən artığına malik ola bilməz. Onun qənaətincə, "TANAP Rusiyanın qaz ixrac layihələrinə zərbə vura biləcək yeganə layihə deyil. Ən ciddi məsələ ona Türkmənistanın qoşula bilməsi ola bilər”.Qəzet daha sonra Türkiyə prezidentinin layihə ilə bağlı fikirlərini xatırladır. "TANAP layihəsi Türkiyənin qaza olan tələbatının təmin olunmasına əhəmiyyətli rola malikdir. Eyni zamanda "Şahdəniz” qaz yatağından çıxarılan qaz Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə ola bilər. Biz türkmən qazının da bu layihənin bir hissəsi olmasına çalışırıq”, - deyə Ərdoğan bəyan edib. O zaman ortaya belə bir sual çıxır – türkmən qazı nə vaxt TANAP-a daxil olacaq. Bir sıra əcnəbi ekspertlər türkmən qazının dənizlə sıxılmış formada daşınmasını perspektiv variant, digər qisim isə bunu həddən artıq məsrəfli hesab edir. Bu səbəbdən də ekspert uzun illərdir müzakirə olunan Xəzərin dibi ilə qaz kəmərinin inşası gündəmə gəlir. Bu kəmər Türkmənistan və Azərbaycanı birləşdirməli, ən əsası, onun qazının Rusiyadan yan keçməklə Avropaya çatdırılmasını təmin etməlidir. Moskva da bu layihəni ağrılı qarşılayır. Bakı, Aşqabad və Aİ bunu məqbul saysalar da, İran və Rusiya buna qarşıdır. Ümumiyyətlə, Rusiya ekspert çevrələrində Azərbaycan qazının Avropa bazarına daxil olmasının "Qazprom”un biznesinə təsirinə dair fərqli mövqelər var. Bir çoxlarına görə, ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya daxil olması "Qazprom”un bazarına ciddi təsir göstərməyəcək, çünki həcm cüzidir. Lakin Azərbaycan qazının Avropada "Qazprom”a problem yaradacağını deyənlər də var.Yeri gəlmişkən, noyabrın 30-da keçiriləcək möhtəşəm tədbir Türkiyə mediasının da diqqət mərkəzindədir. "Sabah” yazır ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev mərasimdə "Şahdəniz” qazının alıcıları olan Avropa ölkələrinə "Biz Avropaya qaz verməyə hazırıq” mesajını verəcəklər. Qəzet xatırladır ki, "TANAP-la Türkiyəyə oktyabrın 31-nə qədər 3 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Türkiyə 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayına qədər TANAP-dan 4 milyard kubmetr qaz almaq öhdəliyi götürüb. 2020-ci ildən sonra isə Türkiyə TANAP-dan ildə stabil olaraq 6 milyard kubmetr qaz alacaq. Kəmərlə nəql olunacaq qazın qalan 10 milyard kubmetri isə TAP kəməri ilə Avropaya ötürüləcək. TAP kəmərinin inşası bir qədər gecikdirilsə də, başa çatmaq üzrədir və gözlənilir ki, Azərbaycan qazı 2020-ci ildən etibarən Avropa bazarına daxil olacaq”.




  Yayım tarixi :20 Noyabr 2019   12:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .