Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid
əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Nümayəndə
heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.
Sultan bin Səid əl-Mansuri dedi:
- Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.
Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı,
çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın
iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki
fəaliyyətimizin əhatə dairəsi artır.
Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.
Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir.
Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı
anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama
Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə
çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür
edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik
edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost
ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı
qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik.
Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır,
indi hər iki istiqamətdə.
Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.
Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri
vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin
gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya
çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz,
ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar
atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.
Sultan
bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə
təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən
böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin
Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız
Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm.
Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer
tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava
limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm
dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir
ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi
əlaqələrə çox sadiqik.
Prezident İlham Əliyev Birləşmiş Ərəb
Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay
Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü
bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə
və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının
önəmi vurğulandı, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi, sabah
Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu
əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik
ifadə olundu.