XƏBƏR
16:33

  BMT soyuducu və kondisionerlərin istehsalında istifadə olunan kimyəvi maddələrdən imtina barədə daha bir müraciət edib

Gündəm

Xəbər lenti

Görəsən hidroxlorftorkarbonları – soyuducuların və kondisionerlərin istehsalında istifadə olunan təhlükəli kimyəvi maddələri, həmçinin ozon qatını dağıdan digər maddələri tamamilə dövriyyədən çıxarmağa nail olmaq mümkündürmü?

Agyol.az xəbər verir ki, bu suallar Monreal Protokolu iştirakçı dövlətlərinin Romada öz işinə başlayan 31-ci görüşünün gündəliyində duran məsələlərdir.

Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu beynəlxalq əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. 1987-ci il sentyabrın 16-da imzalanan Saziş bir sıra təhlükəli kimyəvi maddələrin istehsalını və istifadəsini qadağan edir. Hazırda “qara” siyahıda onların sayı yüzü keçib.

Ozon qatının vəziyyəti barədə elmi komissiyanın müntəzəm olaraq hazırladığı sonuncu hesabatda deyilir ki, Monreal Protokolu çərçivəsində qəbul edilən tədbirlər atmosferdə ozondağıdıcı maddələrin qatılığının azalması və stratosfer ozonunun qismən bərpası ilə nəticələnib.

Belə ki, son 10 il ərzində ozon dəliyi 1-3 faiz sürətlə genişlənir. Proqnozlara görə, Şimal yarımkürəsində və orta enliklərdə ozon qatı 2030-cu, Cənub yarımkürəsində 2050-ci, qütblərdə isə 2060-cı ilədək tamamilə bərpa olunmalıdır.

Ozon qatı Yer kürəsini günəş radiasiyasından müdafiə edir, ultrabənövşəyi şüalar isə bədxassəli şişlərin və digər xərçəng xəstəliklərinin yaranmasının əsas səbəbidir. BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) ekspertləri hesab edirlər ki, Monreal Protokolunun icrası 2030-cu ilədək 2 milyon nəfərin dəri xərçənginə tutulma ehtimalının qarşısını almağa kömək edəcək.

Bununla belə, bir sıra təhlükəli maddələrdən imtina təkcə Yer kürəsinin ozon qatının müdafiə olunmasına kömək etmir, həm də planetdə qlobal istiləşməyə qarşı mübarizəyə töhfə verir. 2016-cı ilin oktyabrında Kiqalidə Monreal Protokolunu imzalamış dövlətlər hidroftorkarbonların istehsalının və istifadəsinin mərhələlərlə azaldılması barədə razılığa gəliblər. Bir çox il əvvəl hidroftorkarbonlar ozon qatını dağıdan maddələrə, xüsusən soyuducu qurğuların və havanın kondisiyalaşdırılması sistemlərində istifadə olunan maddələrə effektli alternativ qismində təqdim edilib. Elmi tədqiqatlar göstərib ki, son illər istifadə miqyası artan hidroftorkarbonlar özlüyündə daha güclü parnik qazlarını ehtiva edir. Bu qazlar da ozon qatını dağıdır və qlobal istiləşməyə şərait yaradır.

Kiqali düzəlişini ratifikasiya edən dövlətlər bu qazların proqnozlaşdırılan istehsal və istifadəsini azı 80 faiz azaltmaq öhdəsini üzərlərinə götürüblər. Ekspertlər indiki görüşdə onların dövriyyədən mərhələlərlə çıxarılması tədbirlərini təhlil edirlər.




  Yayım tarixi :05 Noyabr 2019   16:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .