XƏBƏR
12:43

  2020-ci il Olimpiya Oyunlarında marafon yarışlarının Sapporoda keçirilməsi barədə BOK və Tokio administrasiyası arasında qəti razılıq əldə edilib

Gündəm

Xəbər lenti

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Tokio administrasiyası 2020-ci il Olimpiya Oyunları dövründə marafon yürüşü və idman yerişi üzrə yarışların Yaponiya paytaxtında deyil, ölkənin şimalındakı Sapporo şəhərində keçirilməsi barədə qəti razılığa gəliblər. Bu haqda qərar işçi qrupun cümə günü keçirilmiş iclasında qəbul edilib.

Agyol.az xəbər verir ki, həmin iclasda BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Kouts, Tokio qubernatoru Yuriko Koike, Tokioda Yay Olimpiya və Paraolimpiya Oyunlarının təşkilinə görə cavabdeh olan nazir Seyko Haşimoto və “Tokio-2020” təşkilat komitəsinin rəhbəri Yosiro Mori iştirak edib.

Koike deyib: “Mən qubernator kimi bu təkliflə razı deyiləm, lakin buna mane olmayacağam. Bu qərar mənim razılığım olmadan qəbul edilib”.

Paytaxt administrasiyası 2020-ci il Olimpiadası dövründə havaların bərk isti keçməsi səbəbindən marafon yürüşünün və idman yerişi üzrə yarışların Yaponiya paytaxtında deyil, ölkənin şimalındakı Sapporo şəhərində keçirilməsi barədə BOK tərəfindən qəbul edilmiş qərarı pis qarşılayıb.

Son üç ildə aparılmış ölçmələrin nəticələrinə görə, iyulun sonu – avqustun əvvəlində Tokioda havanın orta temperaturu müntəzəm surətdə 30 dərəcədən yüksək olub. Bu, 1964-cü ildə orada Olimpiada keçirilən dövrlə müqayisədə xeyli yüksəkdir. Lakin o vaxt yarışlar oktyabrın əvvəlində keçirilmişdi.

Uzaq məsafələrə marafon yürüşü və idman yerişi yarışları bu baxımdan daha təhlükəlidir, çünki həmin yarışlar həm idmançılar, həm də tamaşaçılar üçün əsl sınağa çevrilir.

Xatırladaq ki, Tokioda yay olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.




  Yayım tarixi :01 Noyabr 2019   12:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .