XƏBƏR
14:35

  Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

Gündəm

Xəbər lenti
18 Noyabr 15:41Sabah yağış yağacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Böyük Britaniyanın müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin qurularaq inkişaf etdirilməsi, mübət təcrübələrin qarşılıqlı mübadiləsinin həyata keçirilməsi üçün geniş potensial var və gələcəkdə bu istiqamətdə işlərin aparılması tərəflər üçün faydalı olardı.

Agyol.az xəbər verir ki, Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində keçirilən görüşdə bununla bağlı yekdil fikir ifadə olunub.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, nümayəndə heyətinin üzvləri Böyük Britaniyanın Enerji və Ticarət məsələləri üzrə departamentin müdiri Stiven Smit və Beynəlxalq Ticarət Departamentinin İxrac Strategiyası Proqramı üzrə meneceri Raşel Pouvel, ticarət məsələləri üzrə əlaqələndirici şəxs Rəna Zeynalova da iştirak ediblər.

Nümayəndə heyəti Agentliyin və DOST mərkəzinin fəaliyyəti, burada pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. üzrə 132 növdə xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Onlar DOST layihəsi barədə müsbət təəssüratlarını bölüşüblər.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri barədə ətraflı məlumat verib. Nazir ölkəmizdə sosial sahədə aparılan geniş miqyaslı islahatları diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim olunması mərhələsinə keçildiyini qeyd edib.

Azərbaycan-Böyük Britaniya arasında müxtəlif sahələri əhatə edən tərəfdaşlıq əlaqələrinin inkişafından bəhs edən S.Babayev "BP" və "British Council" ilə birlikdə “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə xidmət edən Proqram çərçivəsində əlilliyi olan şəxslər ingilis dili, veb və qrafik dizayn və applikasiyaların hazırlanması, sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb edilir. Onlara psixoloji dəstək və məşğulluq üzrə müvafiq məsləhətlər də verilir. Əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması və kadr potensialının formalaşdırılması sahəsində də "BP" ilə əməkdaşlıq nəzərdə tutulub.

B.Nikolson ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edib. O, gələcəkdə bu əlaqələrin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya sahələrində də davam etməsi üçün imkanların mövcud olduğunu qeyd edib.




  Yayım tarixi :31 Oktyabr 2019   14:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .