XƏBƏR
21:43

  Bakıda Türkiyə Respublikasının 96-cı ildönümü qeyd olunub

Gündəm

Xəbər lenti
Bu gün Bakıda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı illiyinə həsr olunmuş tədbir keçirilib.
Agyol.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədri Oqtay Əsədov, deputatlar, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, iştirak edib.
Azərbaycan və Türkiyənin himnlərinin oxunması ilə başlayan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və O.Əsədov çıxış ediblər.
E.Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü ilə bağlı təbrikini oxuyub.
Türkiyə Prezidenti təbrikində bildirib ki, Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşının qələbəsində rolu olanları hörmətlə yad edirlər: “Qarşıdakı ildə Türkiyə Böyük Millət Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd edəcəyik. Biz bu dövlətin qurulması və qorunması üçün canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirik. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik. Hazırda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” əməliyyatı da bu mübarizəmizin bir hissəsidir. Bu gün sərhədlərimizin təhlükəsizliyinə və iqtisadiyyatımıza hücumlar davam edir, İstiqlal savaşını fərqli formada aparırıq. Türkiyə qədim dövlətçilik ənənələri ilə bu problemlərin öhdəsindən gələcək. Ölkəmizin qarşısındakı maneələri aşaraq bu günlərə gəldik. Ölkəmizi 2023-cü il hədəflərinə çatdıraraq bizdən sonrakı nəsillərin 2071-ci il hədəflərinə çatmasına zəmin yaradacağıq. Bir daha Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibəti ilə sizləri təbrik edirəm”.
Qeyd edək ki, hər il oktyabrın 29-u Türkiyədə "Cümhuriyyət günü" kimi qeyd olunur.




  Yayım tarixi :29 Oktyabr 2019   21:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .