XƏBƏR
12:03

  BMT Baş Assambleyasının prezidenti: Azərbaycan BMT-nin çox məsuliyyətli üzvüdür (ÖZƏL)

Gündəm

Xəbər lenti

Azərbaycan BMT-nin çox məsuliyyətli üzvüdür.

Agyol.az xəbər verir ki, bunu özəl müsahibəsində BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande deyib.

O bildirib ki, Azəbaycan müxtəlif sahələrdə BMT-nin işinə öz töhfəsini verib və BMT agentlikləri Azərbaycanda çox yaxşı işləyir.

T.Məhəmməd-Bande Azərbaycanın BMT Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında töhfəsini vurğulayıb:

“Ölkə DİM-in reallaşdırılmasına yönəlib. Hər bir ölkənin irəliləyişi ümumi irəliləyişə töhfədir. Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olmasına baxmayaraq ölkə sülh yolu ilə nizamlama tərəfdarıdır ki, bu da bütün dünya üçün irəliləyiş hesab olunur”.

O deyib ki, Ermənistanla Azərbaycan arasında münaqişə dünyadakı çoxsaylı münaqişələrdən biridir və BMT bunun nizamlanmasında kömək göstərmək istəyir:

“İki ölkə lideri danışıqlara başlayıb və bu proses davam etməlidir. BMT bu cür münaqişələrin tez bir zamanda zorakılıq tətbiq olunmadan və ədalətli həll olunmasının tərəfdarıdır. Təşkilat bu prosesi dəstəkləməyə hazırdır”.

Bakıda keçirilmiş Qoşulmama Hərəkatının 18-ci sammiti barədə danışan BMT Baş Assambleyasınını prezidenti bildirib ki, dünyaya yalnız kollektiv səylər vasitəsilə həll olunan problemlərin həlli üçün daha çox əməkdaşlıq, daha çox fəaliyyət lazımdır:

“Azərbaycanın sədr olduğu Qoşulmama Hərəkatında ən vacib amil odur ki, burada həm də BMT üzvü olan 120 ölkə iştirak edir. Bu, BMT-dən sonra ən böyük ölkələr qrupudur. BMT bütün dünyada sülhün təmin olunması məqsədi güdür. Qoşulmama Hərəkatı da bu istiqamətdə əməkdaşlıq üsullarını təmin etməlidir. Bu ideyanın formalaşması Hərəkatın Bakı sammitində vurğulanıb”.

T.Məhəmməd-Bande qeyd edib ki, BMT münaqişələri zorakılıq olmadan həll etməyə çalışır:

“Ona görə də 2015-ci ildə BMT ölkələri ümumi məqsədlərimizin olduğu dünyanın yaradılması barədə razılıq əldə edib. Bizim 17 məqsədimiz var və bunlar Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınır. Sülh və təhlükəsizliyinin təmin olunmasının ən yaxşı yolu dünyada inkişafdır. Buna görə də DİM bütün dünya üçün çox vacibdir. Bütün ölkələr 2030-cu ilədək DİM-ə nail olmaq öhdəliyi götürüb”.




  Yayım tarixi :29 Oktyabr 2019   12:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .