XƏBƏR
17:25

  Elmar Məmmədyarov zambiyalı və efiopiyalı həmkarları ilə görüşüb

Gündəm

Xəbər lenti

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) XVIII Zirvə Görüşü çərçivəsində Zambiyanın Xarici İşlər naziri Cozef Malanjı ilə görüşüb.

Agyol.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında həm siyasi, həm də mədəni və humanitar sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu xüsusda, turizm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün ölkələr arasında müqavilə-hüquq bazasının artırılması, o cümlədən vizasız gediş-gəliş sisteminin tətbiq edilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Zambiya arasında ikitərəfli əsaslarla yanaşı, beynəlxalq platformalar, bu xüsusda BMT və QH çərçivəsində də mövcud perspektivlərdən faydalanmağın vacibliyini vurğulayıb.

Cozef Malanjı ölkələr arasında yüksək-səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, Zambiya Prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə ünvanlanmış məktubu təqdim edib.

Görüşün sonunda Cozef Malanjı Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına dair əminliyini ifadə edib və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Elmar Məmmədyarov, həmçinin Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər nazirinin müavini Markos Tekleni qəbul edib. Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə ediblər və iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Efiopiyalı rəsmi səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək, Azərbaycanı QH-də sədrliyə başlaması və 18-ci Zirvə görüşünün uğurlu təşkili münasibətilə təbrik edib. M.Tekle Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə dair ümidi ifadə edib.

Nazir Elmar Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirib. Həmçinin Efiopiyaya səfərini xatırlayan Nazir Elmar Məmmədyarov, səfərin çox məhsuldar keçdiyini qeyd etdi və efiopiyalı həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Görüşün sonunda Efiopiya rəsmisi Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.




  Yayım tarixi :26 Oktyabr 2019   17:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .