XƏBƏR
23:05

  UEFA Avropa Liqası: “Qarabağ” - APOEL oyunu 2:2 hesabı ilə başa çatıb

Gündəm

Xəbər lenti

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 24-də Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL klubunu qəbul edib.

Agyol.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. Rəqib komandanın müdafiəçilərinin kobud səhvindən istifadə edərək topa sahib olan Miçel gözəl ötürmə ilə Dani Kintananı zərbə mövqeyinə çıxarıb. Qapıçı ilə təkbətək qalan Dani Kintana baxımlı qolla oyunda hesabı açıb – 1:0. Lakin qarşılaşmanın 29-cu dəqiqəsində qonaqlar standart vəziyyətdən hesabı bərabərləşdirməyə nail olublar. Hava ötürməsini Nikolas İonnau başla dəqiq tamamlayıb – 1:1.

Görüşün 45-ci dəqiqəsində “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun kobud səhvindən yararlanan rəqib komandanın futbolçusu Linus Hallenius qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb – 1:2. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Fasilədən sonra var gücü ilə irəli atılan “Qarabağ” matçın 58-ci dəqiqəsində oyunda tarazlığı təmin edib. Dani Kintananın cinah ötürməsindən sonra Ailton Silva dəqiq baş zərbəsi ilə rəqib qapısına yol tapıb – 2:2.

Qalan dəqiqələrdə “Qarabağ” hesabda yenidən irəli çıxmaq üçün bir sıra imkanlara sahib olsa da, bundan yararlana bilməyib. Beləliklə, “Qarabağ” APOEL ilə ev oyununda heç-heçə edərək A qrupunda ikinci yerini qoruyub saxlayıb. Hazırda ağdamlıların aktivində 4 xal var. APOEL isə 1 xalla qrupda sonuncu yerdədir.

Qrupdakı digər oyununda “Sevilya” doğma meydanda “Düdelanj” komandasını qəbul edəcək.




  Yayım tarixi :24 Oktyabr 2019   23:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .