XƏBƏR
22:57

  Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaq

Gündəm

Xəbər lenti

Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır.

Agyol.az xəbər verir ki, Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul etdiyi zaman deyib.

Dövlət başçısı bildirib: "Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.

Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz".




  Yayım tarixi :21 Oktyabr 2019   22:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .