XƏBƏR
14:19

  Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir

Gündəm

Xəbər lenti
Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işinə başlayıb. Tədbir “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilir.
Agyol.az  xəbər verir ki, tədbirin açılışında SPE 2020-nin prezidenti, “Petrol Corporation” şirkətinin nümayəndəsi, SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefenson, “Total E&P Azerbaijan” şirkətinin direktoru Dennis Lemarşal, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və başqaları çıxış ediblər.
Tədbirdə Xəzər regionunda və bütün dünyada peşəkarların təcrübəsinə və qabaqcıl praktikaya əsaslanan dəyişikliklər müzakirə olunub.
Bu tədbir peşə ixtisasının artırılması üçün platformadır və iştirakçılar arasında işgüzar əlaqələrin və tanışlıqların yaradılmasına, habelə bilik və təcrübə mübadiləsinə imkan verir.
Son bir neçə ildə yeni texnologiyaların istifadəsi neft-qaz sənayesində dəyişikliklər yaradıb. Bir sıra əməliyyat proseslərinin sadələşdirilməsi, əmək saatlarının azaldılması, avadanlığın daha etibarlı olması və təhlükəsizlik üçün yeni rəqəmsal yanaşmalar tətbiq edilib. “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusu çərçivəsində konfrans iştirakçıları rəqəmsal texnologiyaların neft-qaz sektoruna, həmçinin onun müasir və gələcək rəqəmsal trendlərə və əlavələrinə təsiri məsələlərini nəzərdən keçirəcəklər.
Konfransda müzakirələr üç əsas panel sessiyalarda aparılacaq. Birinci sessiya - “Keçmiş, bu gün və gələcək” panelinə Darrel Lankaster (“Halliburton”) və Favat Kurayşi (“Equinor”) sədrlik edəcəklər. Spikerlər Tyerri Debertrand (“Total”), Ramin İsayev (“SOCAR AQS”), Yaşar Lətifov (SOCAR), Luis Kuinterro (“Halliburton”) və Qoxan Sayqi (“Schlumberger”) olacaqlar.
“Davamlı inkişaf, artım və mənfəət” mövzusunda ikinci sessiyaya Yaşar Lətifov (SOCAR) və Dennis Lemarşal (“Total”) sədrlik edəcəklər. Panel iclasında Nayl Henderson (BP), Zair İbrahim (prezident, Səudiyyə Ərəbistanı, Şimal Körfəzi və Şərqi Aralıq dənizi, “Baker Hughes, a GE Company”), Mixail Krasik (“TotalE&P Absheron”), Zaur Məmmədov (Azərbaycan Respublikası Energetika Nazirliyi), Arnd Vilhelms (“Equnior”, neft texnologiyaları üzrə vitse-prezident) çıxış edəcəklər.
Üçüncü sessiya “Yeni nəslin istedadı və insan amili” mövzusunda keçiriləcək. Sessiyaya Xaliq Məmmədov (SOCAR) və Emmanuil Okuqbaye (BP) sədrlik edəcəklər. Panel iclasının moderatoru Şouna Nunan (SPE 2020-nin prezidenti, “Occidental Pertoleum”) olacaq. Çıxışçılar Fabris Buşar (“Schlumberger”), Mehriban Eyyubova (BP), Emiliya Məmmədova (“Baker Hughes a GE Company”), Şarlot Payendir (Fransa-Azərbaycan Universiteti).
Analoji peşəkar diskussiyalar 12 texniki sessiya çərçivəsində keçiriləcək və onların iştirakçıları tanınmış spikerlərin, o cümlədən “Total”, SOCAR, BP, “Occidental Pertoleum”, TCO, Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Schlumberger”, “Halliburton”, “Equnior”, “SOCAR AQS”, “Baker Hughes”, “a GE Company” və digər mütəxəssislərin çıxışlarını dinləyəcəklər. Qeyri-kommersiya peşə assosiasiyası olan Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) üzvləri enerji resurslarının hasilatı və işlənməsi ilə məşğuldur. SPE dünyanın 154 ölkəsində 156.000-dən çox üzvə öz xidmətlərini təqdim edir. Onun missiyası ictimai mənfəət gətirən neft-qaz resurslarının və müvafiq texnologiyaların hasilatı və işlənməsi üzrə texniki biliklərin toplanması, yayılması və mübadiləsi, həmçinin mütəxəssislərə texniki və peşə səlahiyyətlərinin artırılması üçün imkan yaradılmasıdır. Qeyd edək ki, V illik Xəzər Texniki konfransı – SPE 2018-ci ildə Qazaxıstanda keçirilib. Tədbirdə Qazaxıstan Respublikası hökumətini təmsil edən müxtəlif sənaye sahələrindən yüksəkixtisaslı beynəlxalq məruzəçilər, həmçinin iri neft-qaz şirkətlərinin və Xəzər regionunun birliklərinin nümayəndələri iştirak ediblər.
Bakıda keçirilən VI illik Xəzər Texniki konfransı – SPE oktyabrın 18-dək davam edəcək.




  Yayım tarixi :16 Oktyabr 2019   14:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .