XƏBƏR
17:23

  Bakıda MDB ölkələri əhalisinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının iclası keçiriləcək

Gündəm

Xəbər lenti
Oktyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətləri əhalisinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının iclası keçiriləcək.

Agyol.az xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib. Onların arasında MDB ölkələrinin əmək və sosial sahələrdə əməkdaşlığının vəziyyəti və perspektivləri, Birlik dövlətlərində sosial-əmək şəraiti və bu sahədə görülən tədbirlər də var. Azərbaycan tərəfi iştirakçılara tibbi-sosial ekspertizanın həyata keçirilməsində istifadə olunan elektron proseduralar barədə məlumat verəcək.

İclasda Belarus tərəfinin təklifi ilə Birlik ölkələrində əlillərin əmək və peşə reabilitasiyası sahəsində uğurlu təcrübələr müzakirə ediləcək. Özbəkistan nümayəndəsinin təklifi əsasında isə Şuranın üzvləri gənc nəslin özünü reallaşdırılması istiqamətində sosial dəstəyin göstərilməsi üzrə əməkdaşlıq məsələsinə baxacaqlar.

Ortaq əmək bazarının formalaşdırılması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi üzrə prioritet vəzifələrin yerinə yetirilməsinin müzakirəsi çərçivəsində əhalinin məşğulluğunun təmin edilməsi üzrə əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcək. Bundan başqa, Qazaxıstan tərəfinin təklifi ilə iclas iştirakçıları iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi və əməyin mühafizəsi üzrə birgə müşahidə və nəzarət tədbirlərinin həyata keçirilməsini müzakirə edəcəklər. Rusiya tərəfi isə MDB iştirakçısı olan dövlətlərdə peşə standartları strukturu üzrə tövsiyələrin layihəsinin nəzərdən keçirilməsini təklif edəcək.

Bakı iclasında sosial-əmək sahəsində MDB iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının qanunvericilik aktlarının, Məşvərət Şurasının yeni Əsasnaməsinin işlənib hazırlanması, habelə digər təşkilati məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

MDB iştirakçı dövlətlərini əhalisinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurası Birliyin sahələr üzrə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən qocaman orqanlarından biridir. Şura 1992-ci ildə MDB ölkələrinin əmək münasibətləri və sosial tərəfdaşlıq, əməyin mühafizəsi, əmək miqrasiyası və məşğulluq, əhalinin sosial müdafiəsi üzrə razılaşdırılmış siyasətin işlənib hazırlanması məqsədilə yaradılıb.

Məşvərət Şurası, həmçinin çoxtərəfli beynəlxalq sazişlərin, kompleks proqramların və onun səlahiyyətlərinə aid olan digər sənədlərin hazırlanması və müzakirəsi ilə məşğul olur, sosial-əmək sahəsində model qanunların və tövsiyələrin layihələrinin işlənib hazırlanmasında iştirak edir, radiasiyaya məruz qalmış şəxslərin statusunun müəyyən edilməsi üzrə prinsip və meyarları əsaslandırır və təqdim edir.




  Yayım tarixi :10 Oktyabr 2019   17:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .