XƏBƏR
15:46

  Fransız xalqı Jak Şiraka ehtiramını ifadə etmək üçün Yelisey sarayına axışır

Gündəm

Xəbər lenti

Fransız xalqı mərhum Prezident Jak Şiraka ehtiramını ifadə etmək üçün Yelisey sarayına axışır. Agyol.az xəbər verir ki, ölkənin müxtəlif əyalətlərindən gəlmiş sakinlər və parislilər sarayın girişində qoyulmuş xatirə kitablarında başsağlığı və görkəmli siyasətçi haqqında ürək sözlərini yazırlar.

Agentliyin xəbərində bildirilir ki, Jak Şirakla vidalaşma mərasimi bazar günü Parisin mərkəzindəki tarixi Əlillər Sarayının qarşısında keçiriləcək. Jak Şirakın xatirəsinə ehtiram əlaməti olaraq, Eyfel qülləsinin işıqları da söndürülüb.

Mərhum Prezidentin cənazəsi bazar ertəsi günü Sen-Jermen-de-Pre abbatlığındakı Sen-Syulpis kilsəsinə gətiriləcək və burada dini ayin icra ediləcək. Həmin gün ölkədə matəm elan edilib və Fransa paytaxtındakı Monparnas qəbiristanlığında Jak Şirakın dəfn mərasimi olacaq.

Jak Şirakın kürəkəni Frederik Salat-Boro AFP agentliyinə bildirib ki, dəfn mərasimi məhdud ortamda keçiriləcək və mərhum Prezidenti 2016-cı ildə vəfat etmiş qızı Lorensin yanında torpağa tapşıracaqlar.

Fransanın görkəmli dövlət xadimi 1974-1976-cı və 1977-1986-cı illərdə ölkənin Baş Naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri olub. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilən Jak Şirak 2007-ci ilədək dövlət başçısı olub. 2003-cü ildə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İraqa hərbi müdaxiləsinə etiraz etməsi onun beynəlxalq nüfuzunu daha da artırıb.




  Yayım tarixi :27 Sentyabr 2019   15:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .