XƏBƏR
13:46

  RUFIZ QONAQOV : “Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir”

Gündəm

Xəbər lenti

“İlin ikinci yarısında maraqlı proseslərin şahidi olacağıq” - MÜSAHİBƏ

 

Agyol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin qonağı oldu. Redaktor korpusumuzun - Elnarə Kərimova, Elman Cəfərli, Vilayət Muxtarın sualları ilə ölkədə və dünyada baş verən hadisələr barədə maraqlı müzakirələr aparıldı.

 

“Bakı dünyanın təhlükəsizlik məsələlərinin müzakirə olunduğu şəhərə çevrilib”

 

Vilayət Muxtar:

 

-Rufiz bəy, ölkədə baş verən ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?

 

-Ölkədəki ictimai-siyasi vəziyyət sabitdir. Dünyaya, xüsusilə də Cənubi Qafqaza nəzər salsaq görərik ki, Azərbaycanın işğala məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Bakı dünyanın təhlükəsizlik məsələlərinin müzakirə olunduğu şəhərə çevrilib. Bakı artıq sülh şəhəri kimi tanınır. Bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əgər ölkəmizdə ictimai-siyasi sabitlik olmasaydı, daxili və xarici siyasətdə uğur qazanılmasaydı, bu tədbirlər baş tutmazdı. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılır, bu, bizim üçün ən önəmli məsələdir. Çünki qonşu Gürcüstan, Ermənistan, hətta İran, Türkiyə, Rusiya, Ukraynada çox ciddi təlatümlər, proseslər baş verir, amma Azərbaycan dünyada gedən narahatedici proseslərdən kənardadır. Bu isə o deməkdir ki, ölkəmizdə düzgün siyasət yürüdülür və ictimai-siyasi sabitlik var.

 

“İslahatlar davamlı şəkildə aparılacaq”

 

Elnarə Kərimova:

 

-2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə aparılan sosial-iqtisadi islahatların davamlı olacağı gözlənilirmi?

 

- Cənab prezident İlham Əliyev 2019-cu ili islahatların yeni mərhələsi ili elan edib. Təbii ki, bu vaxta qədər də Azərbaycanda islahatlar aparılıb. Ölkənin inkişafı islahatlarsız mümkün deyil. Ölkə iqtisadiyyatını əhatə edən, insanları düşündürən məsələlərlə bağlı çox sayda sərəncam və qərarlar oldu. Mülkiyyət hüquqları, banklar, problemli kreditlər, mənzillərlə, əmək pensiyaları, müavinətlər və əməkhaqları ilə bağlı vacib qərarlar verildi. Eyni zamanda prezident mart ayındakı çıxışında bu il hüquq və siyasi islahatların da keçiriləcəyin bəyan etdi. Ölkənin milli maraqları hansı məsələləri tələb edirsə, cənab prezident də o istiqamətdə addımlar atır. Bu islahatlar davamlı şəkildə aparılacaq.

 

“Kadr dəyişikliyi davam edəcək”

 

Elnarə Kərimova:

 

-Son seçkilərdən sonra hakim komandada, hökumətin tərkibində əhəmiyyətli dəyişikliklər oldu. Sizə elə gəlmirmi ki, hökumətin digər strukturlarında, o cümlədən seçkili orqanlarda yeni nəsil siyasətçilər, müasir düşüncəli insanlar təmsil olunmalıdır?

 

-Sözsüz ki, seçkidən sonra öz komandasında dəyişiklik aparmaq prezidentin səlahiyyətindədir. Son prezident seçkilərindən sonra yeni, gənc kadrların irəli çəkilməsinin şahidi olduq. Təkcə birinci şəxslər deyil, eyni zamanda digər səviyyələrdə də bu proses davam etdirildi. Bunun özü müsbət dinamikadır. Lakin bu, o demək deyil ki, xidməti olan, təcrübəli kadrlar kənara qalır.

 

İnkişafın Azərbaycan nümunəsi

 

Elnarə Kərimova:

 

-Bu gün “Azərbaycan nümunəsi” adlandırıla biləcək hansı uğuru sadalaya bilərsiz?

 

-Çox maraqlı sualdır. Bugünlərdə Azərbaycanda çox vacib tədbir- UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada I vitse-prezident Mehriban Əliyeva çıxış etdi. Bu çıxış həm Dağlıq Qarabağda olan tarixi abidələrlə bağlı məlumatlandırma, həm də Azərbaycanın İrs Komitəsinə verdiyi tövfələrlə bağlı çox geniş və vacib idi. Məhz bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu, böyük tarixi hadisədir.

 

Ümumiyyətlə, son 6 ayda Azərbaycanda keçirilən tədbirlərin sayına baxsaq, heç bir ölkədə hətta bir neçə ildə belə bu sayda beynəlxalq tədbir keçirilmir. Azərbaycan bu gün Mədəniyyətlərarası Dioloq Forumuna rəhbərlik edir, multikultural ölkədir, çox sayda xalq, mədəniyyət, din sərbəst şəkildə fəaliyyət göstərir.

 

Azərbaycan bu gün təkcə enerji ölkəsi deyil, həm də şimalla cənubu, şərqlə qərbi birləşdirən böyük bir nəqliyyat qovşağına çevrilir, böyük infrastruktur layihələrinə rəhbərlik edir. Azərbaycan nümunəsi ondan ibarətdir ki, o, dünyanın təhlükəsizlik amili də daxil olmaqla, bir çox əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan I Avropa Oyunlarına, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edib. Digər ölkələrdə etnik və dini təlatümlər baş verir, ibadət yerləri, məscidlər, kilsələr dağıdılır. İşğalçı Ermənistanda Azərbaycan abidələri, məscidləri sökülür, amma Bakının mərkəzində yerləşən erməni kilsəsi olduğu kimi qalır.

 

“Kimsə düşünürsə ki, ictimai-siyasi sabitliyi poza bilər, yanılır”

 

Vilayət Muxtar:

 

- Hazırda ölkəmizdə müşahidə olunan prosesləri “yuxarıdan islahat”, “ağ inqilab” adlandırırlar. Sizcə, bu prosesi necə adlandırmaq olar?

 

-Əlbəttə ki, Azərbaycanı gözü götürməyənlər, qarayaxma kampaniyası aparanlar hər zaman olub, bu gün də var. Ölkəmizdə hansısa qarşıdurma yaratmaq istəyələr buna nail ola bilmirlər. Azərbaycan xalqı erməni terroru da daxil olmaqla, müxtəlif vaxtlarda çətin vəziyyətə düşüb. 1993-cü ili xatırlasaq, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan hansı vəziyyətdə idi? Amma bu gün güclü Azərbaycan var. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan istər iqtisadi böhran, istər siyasi kataklizmlər, istər təhlükəsizliklə bağlı digər məsələlərdən özünü tam sığortalayıb. Bu da Azərbaycan dövlətçiliyinin gücünü göstərir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bir neçə il əvvəl aprel döyüşləri sübut etdi ki, Azərbaycan ordusu istənilən vaxt torpaqları azad etmək gücündədir. Bilirsiz ki, müəyyən güclər, qüvvələr buna mane olur. Hazırda Azərbaycanda bizim üçün ən qiymətli nemət sabitlikdir. Kimsə düşünürsə ki, Azərbaycanda ictimai-siyasi sabitliyi poza bilər, yanılır. Azərbaycan əvvəlki deyil, güclüdür. Xalq öz prezidentinin yanındadır.

 

“Azərbaycanda tam informasiya azadlığı var”

 

Vilayət Muxtar:

 

-Rufiz bəy, bəziləri Azərbaycanda müstəqil mediaya müəyyən problemlərin yaradıldığını, internet azadlığının olmadığını bildirirlər. Bu fikirlərlə razılaşmaq olarmı?

 

- Azərbaycanda istər media, istər vətəndaş cəmiyyəti, istərsə də siyasi partiyalarla bağlı heç bir məhdudiyyət yoxdur. Azərbaycanın hər yerində, hətta ucqar kəndlərində belə internetdən istifadə mümkündür. İnternetin, sosial medianın -“Facebook”, “İnstagram”, “Twitter”in, “Youtube”nin bu qədər inkişaf etdiyi bir vaxtda hansı məhdudiyyətdən söhbət gedə bilər? Elektron KİV üçün belə qeydiyyat tələb olunmur. Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsi QHT-lərə, KİV-ə Dövlət Dəstəyi Fondu qəzetlərə, mətbuat orqanlarına qrantlar ayırır. Gənclər Fondu, Elm Fondu və bu kimi qurumlar tərəfindən dəstək var.

 

“Azərbaycanda üçüncü sektorun inkişafı üçün münbit şərait var”

 

Vilayət Muxtar:

 

-Araşdırma mərkəzinin rəhbəri kimi üçüncü sektorun, vətəndaş cəmiyyətinin vəziyyətini necə qiymətləndirirsiniz?

 

-Azərbaycanda 3800-dən çox qeydiyyatdan keçmiş QHT var. QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi 12 il ərzində minlərlə təşkilatı maliyyələşdirib. Hətta elə vaxt olub ki, xaricdə olan QHT-lərə də vəsait ayrılıb. Şuraya olan müraciətlər hər zaman müsbət qiymətləndirilib. Şura bir ildə 2-3 dəfə müsabiqə elan edir. Hər kəsə mərhələli şəkildə qrant layihələri verilir. Düşünürəm ki, üçüncü sektorun fəaliyyəti həm də təşkilatların özündən asılıdır. Bu, dövlət sektoru deyil, vətəndaş cəmiyyətidir. Azərbaycanda müxtəlif dövlət qurumları da müsabiqə elan edir, dövlət qurumlarının yanında İctimai Şuralar yaradılıb, QHT-lər orada da təmsil olunur, Şuradan da, hətta başqa fondlardan da vəsait alırlar. Əsas odur ki, onların özlərinin aktivliyi olmalıdır. Məsələ ondadır ki, 3800 QHT-nin hamısı bərabər şəkildə fəaliyyət göstərmir. Formalaşmış, ixtisaslaşmış QHT-lərin peşəkar kadrları olur. Həmin QHT təmsilçilərindən dövlət qurumlarında, parlamentdə təmsil olunanlar var. İxtisaslaşan təşkilatlara daha çox maliyyə vəsaiti ayrılmasına çalışırıq. Bununla bağlı iş gedir. Hətta qeydiyyatdan keçməyən QHT-lər digər təşkilatlarla partnyorluq edə, koalisiya şəkilində, müxtəlif platformalarda iştirak edirlər.

 

“Müasir dünyada silahları işə salmaq ürəkaçan olmaz”

 

Vilayət Muxtar:

 

-Bölgədə və dünyada narahatedici proseslər baş verir. İran, Rusiya, Çin, ABŞ arasında gərginlik pik hadda çatıb. Yaxın Şərqdə və dünyanın digər bölgələrində də Türkiyə də daxil bu dövlətlərin maraqları toqquşur. Necə düşünürsünüz, mövcud geosiyasi vəziyyət dünyanın yeni mənzərəsini necə formalaşdıracaq?

 

-Bu, hazırda bizim region üçün də çox önəmli və aktual məsələdir. ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsindən Azərbaycan da narahatlıq keçirir. Çünki ABŞ-la Azərbaycan strateji müttəfiqdir, müxtəlif enerji layihələrində birgə iştirak edir. İran isə Azərbaycanın yaxın qonşusudur, Xəzəryanı ölkədir. Azərbaycan heç vaxt istəməz ki, bölgədə vəziyyət gərginləşsin, silahlar işə düşsün. Azərbaycan Ermənistan istisna olmaqla, qonşularla dostluğun tərəfdarı olub. Türkiyə də Azərbaycanın yaxın dostu və qardaşıdır, NATO ölkəsidir və ABŞ-la müttəfiqdir. Baxmayaraq ki, onların arasında son zamanlar sərinləşmə hiss olunur. Rusiya da Azərbaycanın dostudur. Türkiyə və Rusiya arasında yaranan gərginliyin aradan qaldırılmasında da Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətləri oldu. Bu gün də Azərbaycan istəyir və çalışır ki, münasibətlər normal olsun. Amma beynəlxalq səviyyədə bəzən elə çətin vəziyyət yaranır ki, bu, bizim ölkənin iradəsindən asılı olmur. Ancaq mən nikbinəm, düşünürəm ki, ABŞ və İran danışıqlar yolu ilə məsələni həll edəcək. Çünki müasir dünyada silahları işə salmaq ABŞ və İran üçün də ürəkaçan olmaz.

 

Elnarə Kərimova:

 

- Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Nurqəliyev postsovet ölkələrində NATO-nun “məxməri inqilab”lar hazırladığı ilə bağlı iddia ilə çıxış edib. Regionda baş verən prosesləri “məxməri inqilab”ın başlanması kimi qəbul etmək olarmı?

 

-Düşünmürəm ki, MDB məkanında hansısa katostrofik hadisə baş verəcək. Xalqların proseslərə öz yanaşması var. Yaxın tarixdə elə Yaxın Şərqdə, ərəb ölkələrində baş verən inqilablar nümunəsi mövcuddur. O ölkələrdə baş verənlərin acı nəticələrini nə Avropa, nə də özləri aradan qaldıra bilir. İnqilabların baş verməsi çox çətin prosesdir və həmin ölkələr üçün fəlakət deməkdir.

 

“Sarkisyan aprel döyüşlərindən sonra devrildi”

 

Vilayət Muxtar:

 

- Nazirlərin son görüşündən sonra təmas xəttində müəyyən nisbi sabitlik hiss olunur. Son proseslər nə vəd edir?

 

-Azərbaycan prezidenti ilə Ermənistanın yeni hökumət başçısı arasında görüşlər keçirilib. İndi bu görüşlər nazirlər səviyyəsində davam etdirilir. Aprel döyüşlərindən sonra Ermənistanın reallığı başa düşəcəyini gözləyirdik. Məhz aprel döyüşlərindən sonra Ermənistanda xunta rejimi dəyişdi və Sarkisyan acı məğlubiyyət səbəbilə hakimiyyətdən getdi. Sələfi Paşinyan isə küçədən hakimiyyətə gəldi. Ermənistanda vəziyyət son dərəcədə gərgindir. Prezident başqa komandanın təmsilçisidir, separatçı rejim keçmiş hökumətə bağlıdır, parlament müxtəlif siyasi qüvvələrdən ibarətdir. Əhali isə bunların hamısından bezib. Erməni xalqı keçmiş xunta rejimini hakimiyyətdən devirəndə də “Biz müharibə istəmirik. Bizim övladlarımız niyə gedib Qarabağda ölməlidir? Bu məsələni kim yaradıb, o da həll etsin” deyirdi, çünki sadə xalqa bu lazım deyil. Ermənistan nə qədər ki, öz adı ilə- işğalçı, terrorçu adı ilə çağrılmayıb, nə qədər ki, ATƏT-in Minsk Qrupu bu məsələdə prinsipial mövqe göstərməyib, dünya da çətin vəziyyətdə qalacaq. Azərbaycan ATƏT-in Minsk Qrupunun tərkibin dəyişdirilməsini hər zaman təklif edib və ən azından Türkiyə və Almaniyanın bu quruma cəlb olunmasını istəyib. Çox təəssüf ki, dünyada ikili standartlar var. Son aprel döyüşlərində Azərbaycanın xalqının iradəsi Ali Baş Komandanla bir idi və ən qısa zamanda torpaqlarımızı azad etmək gücündəydik, proses buna doğru gedirdi. Həmin vaxt Ermənistan prezidenti rusiyalı həmkarına yalvardı, Rusiya hər iki prezidenti dəvət etdi və münaqişəni həll edəcəyini dedi. Amma nəticədə Ermənistanda hakimiyyət devrildi, yeni hökumətin qurulmasına da xeyli vaxt getdi və bu proseslər hələ də davam edir. Düşünürəm ki, yaxın gələcəkdə Paşinyan hakimiyyətinin də sonu gələcək. Çünki yekdillik, birlik yoxdur, ölkə aclıq, səfalət içindədir.

 

“Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir”

 

Elman Cəfərli:

 

-Dağlıq Qarabağa sülhməramlı adı ilə rus qoşunlarının gələcəyinə dair ehtimallar irəli sürülür. Bu ehtimallar nə dərəcədə realdır?

 

-Düşünürəm ki, hazırkı məqamda bu, reallığa uyğun deyil. Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycanın maraqlarına zidd olan heç bir addım atılmayacaq. Azərbaycanın həm daxili, həm də xarici müstəqil siyasət yürütməsi də bir sıra başqa ölkələri narahat edir. Azərbaycan və Ermənistan arasında zamanında əldə olunmuş razılıqlar var ki, danışıqlar o çərçivədə aparılır. Birinci Azərbaycanın işğal olunmuş ətraf rayonları azad olunmalıdır. Azərbaycan bəyan edib ki, bütün əhalinin ora qayıtması şərti ilə Qarabağa ən yüksək muxtariyyat statusu verilə bilər. Bu, Azərbaycanın prinsipial, dəyişməz mövqeyidir.

 

Vilayət Muxtar:

 

-Rufiz bəy, müsahibə üçün təşəkkür edirik!

 

-Maraqlı suallarınız üçün sizə mən də təşəkkür edirəm! Düşünürəm ki, “Cümhuriyət” qəzeti və Cebhe.info saytı Azərbaycan media məkanında kifayət qədər özünə yer tutmuş, reytinq qazanmış media qurumlarıdır. İllərdir Azərbaycanda fəaliyyət göstərən qəzetlər, jurnallar, saytlar var, amma bu gün Cebhe.info saytı və “Cümhuriyət” qəzeti ilk sıralardadır. Mən hər zaman “Cümhuriyət” qəzetini və Cebhe.info saytını oxuyuram və oxucular da bir çox məlumatları elə ilk olaraq sizdən alır.

 

Vilayət Muxtar

Cebhe.info




  Yayım tarixi :08 Iyul 2019   13:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .