XƏBƏR
14:38

  Baş nazirin müavini: Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu (YENİLƏNİB)

Gündəm

Xəbər lenti
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizin çox mühüm dönüş nöqtələrindən biridir.

Agyol.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini - İcra katibi Əli Əhmədov Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi: “O zaman Sovetlər Birliyində yaranmış ənənəyə görə xüsusi bir partiya elitası formalaşmışdı. Respublikalara və bütövlükdə İttifaqa rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəyə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial həyatımızın bütün sferalarını əhatə edirdi. Sonradan bu praktika Sovetlər Birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevarnadze də ölkəsində rəhbər vəzifəyə gətirildi".

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin yüksək inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi:

"Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həlli, müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən dəvət olundu. Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu”.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində ölkədə faciə və sıxıntıların olduğunu xatırladıb: “O zaman əhalinin yarısı kənd təsərrüfatı sahəsində işləyirdi. Amma bu sahə inkişaf etmədiyi üçün insanların sosial vəziyyəti pisləşirdi. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün sahələr inkişaf etməyə başladı. Bir neçə qərarlar qəbul edildi. Sovet İttifaqından Azərbaycana böyük bir vəsait ayrıldı. Çayçılıq, üzümçülük və digər sahələr inkişaf etdi. O vaxtı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları formalaşırdı. Heydər Əliyev hakimiyyətə gəlişindən onlar bu iddialardan bir müddət əl çəkdilər”.

Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov çıxış edərək bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərində ilk yerlərdə qərarlaşdı. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi".

F.Heydərov vurğulayıb ki, bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir:

"Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlət, iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm".

Tədbir çıxışlarla davam etdirilib.




  Yayım tarixi :06 Iyul 2019   14:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .