XƏBƏR
14:26

  43-cü sessiyada Pakistanın bir sıra mədəni və təbii irs nümunələri ilə bağlı qərarlar verilib (FOTO)

Gündəm

Xəbər lenti

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iyulun 4-də günün birinci yarısında keçirilən iclasında bir sıra ölkələrin ilə bağlı müzakirələr aparıldı.

 

Agyol.az xəbər verir ki,  bu dəfə vəziyyəti təhlil edilən nümunələr Pakistanın Lahor şəhərindəki tarixi abidələr, Fort və Şalamar bağları idi. Bildirildi ki, yerli hökumətin çəkmək istədiyi metro xətti Lahordakı tarixi abidələrə ciddi zərər vura bilər. Eyni zamanda Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya mənfi təsir göstərəcək. Vurğulandı ki, Pəncab əyalətinin paytaxtı sayılan Lahor şəhəri Ravi çayı sahilində, Hindistanla sərhəddə yerləşir. Bu qədim şəhərin mədəni irsinin qorunması olduqca vacibdir.

 

Pakistanın nümayəndəsi ölkəsinin mədəni irsin qorunmasına sadiq qaldığını bildirdi. Dedi ki, bu ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib. Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllinin tapıb, bu istiqamətdə digər işlərin həyata keçirilməsi davam etdiriləcək. Pakistan yerli və beynəlxalq ekspertlərin iştirakı ilə Lahor şəhərindəki tarixi abidələrin, Fort və Şalamar bağlarında fauna və floranın qorunması, yaşıllıqların bərpası istiqamətində verilən tövsiyə və digər öhdəlikləri yerinə yetirməkdə maraqlıdır.

 

Bu kontekstdə Azərbaycanın Pakistanla bağlı hesabata əlavə etdiyi dəyişikliklər müsbət qarşılandı. Müzakirələrin nəticəsi olaraq Pakistan hökumətinə əlavə vaxt verildi.

 

İclasda Pakistanın Makli və Thatta şəhərlərində yerləşən tarixi məkanlar barədə də müzakirələr aparıldı. Bu şəhərlərdəki tarixi abidələrin real vəziyyəti və onların konservasiyası ilə bağlı görüləcək işlərdən danışıldı. Sonra sözügedən abidələrlə bağlı müvafiq qərar qəbul edildi.

 

Növbəti müzakirə olunan məsələ isə Asiya-Sakit okean regionunda yerləşən Çin, Şri-Lanka, Tailand, Yaponiya, Özbəkistan, İndoneziya, Banqladeş, Nepal və digər ölkələrdə mədəni irsin qorunması ilə bağlı idi. Nümayəndələr bu mövzu üzrə hazırlanan hesabatla bağlı fikirlərini bölüşdülər. Bildirildi ki, bu regionda su və hava mənbələrinin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlər həyata keçirilməlidir.

 




  Yayım tarixi :04 Iyul 2019   14:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .