XƏBƏR
18:08

  Avstriya Mətbuat Agentliyi “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransla bağlı məqalə yayıb

Gündəm

Xəbər lenti

Avstriya Mətbuat Agentliyi (APA) iyunun 19-da Vyanada keçirilmiş “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransla bağlı məqalə yayıb.

 

Agyol.az  xəbər verir ki, məqalədə konfransın Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutduğu qeyd edilib. Bildirilib ki, nüfuzlu beynəlxalq konfransda Avstriya və dünyanın 30-dan çox ölkəsindən hökumət, parlament üzvləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, iqtisadi dairələrin, dini konfessiyaların təmsilçiləri, eləcə də Vyanada akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətinin tərkibində hökumət və parlament təmsilçiləri, elm və din xadimləri yer alıblar.

 

Məqalədə qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədini daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Konfransda Azərbaycan Respublikası Prezidentinin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub. Müraciətdə Vyana beynəlxalq konfransında aparılan müzakirələrin və verilən konstruktiv təkliflərin dünyada dinlərarası dialoqun təbliğinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya töhfələr verəcəyinə əminlik ifadə olunub.

 

Diqqətə çatdırılıb ki, tədbirdə, həmçinin BMT Baş katibinin müavinləri Migel Angel Moratinos və Rəşid Xalikov çıxış ediblər. Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önəm verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk qrupunun öz səylərini artırmasının zəruriliyini vurğulayıb. Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolunu və multikulturalizm dəyərlərini əks etdirən “Bəşəri çağırış” filmi nümayiş etdirilib.

 

Vurğulanır ki, tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları yekun sənəd – Vyana Bəyannaməsi qəbul ediblər. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.




  Yayım tarixi :21 Iyun 2019   18:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .