XƏBƏR
12:02

  Əliyev gələn kimi vəzifələrini "dondurdular" ki... - İflas planı

Gündəm

Xəbər lenti

Müstəqil Azərbaycanımızın taleyində ən önəmli və həlledici rol oynayan hadisələrdən biri də 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsidir. Bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi düşüb.


Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qurumunun rəhbəri, politoloq Aynur Camalqızı Milli Qurtuluş Gününün əhəmiyyəti haqda danışarkən deyib.


O bildirib ki, 1992-ci ilin qışından etibarən Azərbaycanda başlayan prosesləri görməyən, həmin dövrü yaşamayan insanların Qurtuluş Gününün mahiyyətini anlaması, o günləri təsəvvür etməsi çox çətindir:


“Həmin günlərin necə dəhşətli olduğunu, ağır keçdiyini sözlə ifadə etmək mümkün deyil. Bakı küçələrində silahlı insanların gəzməsini, “İsgəndər ablava”sının - dayanacaqlarda, vağzallarda, küçələrdə, bulvarda, meydanlarda sevgilisi ilə gəzməyə çıxan nişanlı oğlanların, gənclərin avtobuslara doldurulub heç bir döyüş təcrübəsi keçmədən birbaşa cəbhəyə göndərilməsini indi təsəvvür etmək mümkünsüzdür.


Həmin dövrdə elə bir gərginlik, səfalət var idi ki, küçəyə çıxan adamları soyurdular. Gecələr paytaxt Bakı tərk edilmiş, viran qalmış kəndi xatırladırdı. Çox vaxt gecələr işıqlar yanmırdı, küçələr bomboş olurdu. Çünki insanlar küçəyə çıxmağa qorxurdular. İndi gənclərimiz Bakını o cür təsəvvür edə bilməzlər.


Bütün bunların içində böyük qovğalar, hakimiyyət çəkişmələri, hakimiyyətin ayrı-ayrı qruplarına tabe olan özünümüdafiə batalyonlarının bir-birilə silahlı rəqabəti, Prezident Əbülfəz Elçibəyin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olan və polkovnik rütbəsinə qaldırılan, “Milli qəhrəman” adı verilən Surət Hüseynovun dövlətə qarşı qiyamını xatırlayanda adamı dəhşət bürüyür”.


A.Camalqızı qeyd edib ki, o dövrdə insanlar o qədər ümidsiz qalmışdı ki, hətta S.Hüseynovu da qəhrəman hesab edirdi:


“Həmin dövrlə bağlı diqqət çəkən məqamlardan biri də budur ki, 1993-cü ilin iyununda doğulan oğlan uşaqlarının əksəriyyətinin adını Surət qoymuşdular. Əslində, bu, həmin dövrdə xalqın münasibətinin ifadəsi idi. İdarəçilik o qədər bərbad idi, ölkə o qədər səfalətə sürüklənmişdi, o qədər başıpozuqluq vardı ki, insanlar hətta dövlətə qarşı silah qaldıran Surəti xilaskar kimi görürdülər.


Ələkrəm Hümbətov kimi bir vətən xaini “Talış-Muğan Respublikası”nı qurmağa, Qusarda bir qrup “Ləzgistan” yaratmağa çalışırdı. İndi bunları xatırlayanda insanı qorxuqarışıq heyrət bürüyür. Artıq ölkə parçalanmaq astanasında idi. Faktiki olaraq qardaş qırğını başlamışdı, qardaş qardaşa güllə atmışdı və ölümlər vardı. Məhz bu anda Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldi.


O, dövlətçiliyimizə qarşı qurulmuş bu mənfur planları pozdu. Son dərəcə misilsiz bir əməliyyatla Ələkrəm Hümbətovun dəstəsini bir güllə atılmadan zərərsizləşdirdi. Həmçinin Surət Hüseynova vəzifə verərək, qardaş qırğınının qarşısını aldı.


Heydər Əliyevin təkbaşına, arxasında heç bir ordu, qruplaşma olmadan bunun qarşısını almağı bacarması sözün həqiqi mənasında möcüzə sayılmalıdır. Təsəvvür edin, dövlət aparatı dağılmış, iqtisadiyyat məhv olmuşdu. Heydər Əliyev belə bir “dövlət” təhvil almışdı”.


Politoloq Heydər Əliyevin necə mahir siyasətçi olduğunu bu sözlərlə bir daha diqqətə çatdırıb:


“Türkiyə Prezidenti Süleyman Dəmirəl müsahibələrinin birində demişdi ki, Elçibəy çarəsizcəsinə ona zəng edib və kömək istəyib. S.Dəmirəl ona deyib ki, Azərbaycanı bu ağır durumdan yalnız və yalnız Heydər Əliyev xilas edə bilər. Bundan sonra Elçibəy Heydər Əliyevin Bakıya gəlməsi üçün xahiş etdi.


H.Əliyev 15 iyunda Ali Məclisin sədri olmasından, Ə.Elçibəyin Kələkiyə getməsindən sonra hakimiyyətdə təmsil olunan şəxslər vəzifələrini dondurduqlarını elan etdilər. Halbuki H.Əliyev hələ komandasını formalaşdırmamışdı. Həmin vaxt vəzifələrin dondurulmasını elan etmək dövlətə xəyanət idi. Dövlətin xilası üçün çağırılmış adamı tək qoymaq prosesi başlamışdı. Onlar düşünürdülər ki, Heydər Əliyev təkbaşına bacarmayacaq və məsuliyyətin altında qalacaq, nəticədə, qaragüruh yenidən hakimiyyəti ələ alacaq. Heydər Əliyevin dağılıb-uçulan dövlətin altında qalacağını düşünürdülər, o isə xarabaya çevrilən strukturların altına girdi, onları təkbaşına qaldırdı və bu dövlətin dayağına, əsas sütununa çevrildi, dövləti sözün həqiqi mənasında qurdu”.


Aynur Camalqızı vurğulayıb ki, Heydər Əliyevin qısa müddətdə həyata keçirdiyi bu işlər onun fenomenal bir şəxsiyyət olduğunu bir daha gözlər önünə sərir:


“Ən önəmlisi bu idi ki, Azərbaycan xalqı da bu həqiqəti bilirdi. Məhz öz liderinə inandığı üçün onminlərlə Azərbaycan gənci, həmçinin daha əvvəl müharibədən yayınmış şəxslər Qarabağ uğrunda döyüşlərə yollandı. İnsanlar Heydər Əliyev uğrunda canlarını belə verməyə hazır idilər və verirdilər də. Horadiz əməliyyatı, ermənilərin Gəncə və Mingəçevirlə bağlı işğalçılıq planlarının suya düşürülməsi Heydər Əliyevin siyasi zəkasının, idarəetmə bacarığının necə misilsiz olduğunu göstərən nüanslardan sadəcə bir neçəsidir.


Bu gün Azərbaycan belə sağlam dayaqlar üzərində dayanıbsa və artıq regionda azad siyasət yürüdə bilirsə, biz buna görə Heydər Əliyevə borcluyuq. Azərbaycan xalqı indi də eyni ciddiyyət və sevgi ilə Prezident İlham Əliyevin ətrafında sıx birləşib və Qarabağa gedən yola böyük ümid və inamla baxır”.

 




  Yayım tarixi :11 Iyun 2019   12:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .