XƏBƏR
12:04

  Bugün Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır.

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, bu 3 iyun 2019-cu il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholtun (Respublikaçı) Azərbaycan Respublikasının 101 illiyi münasibətilə bəyanatında qeyd edilib. Bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Demokratik Respublikasının əsasını qoymuşdur:

 

"1920-ci ildə bolşeviklərin Azərbaycan Demokratik Respublikasını işğal edərək Sovet hökumətinin əsasını qoyduğu, Azərbaycanın zor tətbiq edilməklə Sovet İttifaqına birləşdirildiyi və bir çox onilliklər ərzində Sovet rejiminin təzyiqləri altında əziyyət çəkdiyi bəyanatda diqqətə çatdırılır.

 

Bəyanatda həmçinin, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikasının 30 avqust 1991-ci il tarixində müstəqilliyini bərpa etdiyi, ABŞ-ın Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci il tarixində tanıdığı və rəsmi diplomatik münasibətlərin 19 fevral 1992-ci il tarixində qurulduğu qeyd olunur.

 

Azərbaycanın kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunmuşdur. O, vurğulamışdır ki, bugün Azərbaycan Respublikası ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olmuşdur. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.

 

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının iştirakçısı kimi 2002-ci ildən etibarən NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatlarına dəstək verdiyi, missiyaya yardım məqsədilə öz silahlı qüvvələrini təqdim etdiyi bəyanatda vurğulanır.

 

Bəyanatın sonunda, Azərbaycan Demokratik Respublikasının bu 101 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilir. Bundan əlavə, gələcək illərdə bu güclü və yaxın dostluğun davam etməsi və daha da güclənməsi diləkləri ifadə olunur".




  Yayım tarixi :06 Iyun 2019   12:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .