Pensiyaların, əməkhaqlarının,
müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir.
Agyol.az xəbər verir ki,
bunu Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında
iştirakı zamanı qəsəbə sakinləri ilə söhbətində deyib.
Prezident İlham Əliyev
bildirib:
"Mən də çox şadam
ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu
binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət
mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri
aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən
birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox
rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu
vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz
birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox
böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus
alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir
yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir".
Daha sonra dövlət
başçısı qeyd edib:
"Demək olar ki, hər
gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə
hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur
obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri
ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki,
insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı
olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların,
əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən
biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək".