XƏBƏR
16:32

  Əli Əhmədov:Müxalifətçiləri müxalifətçi olduqlarına görə deyil, hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik

Gündəm

Xəbər lenti

Xaricdə yaşayan bəzi azərbaycanlıların hakimiyyətlə əməkdaşlıq istiqamətində fikirlərini müsbət qiymətləndiririk. İstərdik ki, ölkəmizin bu və ya digər formada siyasi həyatında iştirak edənlərin hər biri milli maraqlardan çıxış etsinlər.

 

Agyol.az ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə deyib.

 

Ə.Əhmədov bildirib ki, milli maraqlar daim uca tutulmalıdır. Onun sözlərinə görə, kim ki bu düzgün yolla addımlayacaq, onlar cəmiyyət tərəfindən müsbət qiymətləndiriləcək:

 

“İkinci tərəfdən, onlar bu addımları ilə dövlətin mövqeyinin daha da güclənməsinə xidmət göstərmiş olacaqlar. Heydər Əliyev deyirdi ki, kim müxalifətdə olursa olsun, amma xalqa, dövlətə müxalif olmaq olmaz. Bizim də istəyimiz ondan ibarətdir ki, siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə Azərbaycan vətəndaşı olduğunu dərk etsin, milli maraqları qorusun, davranışları ilə xalqa, dövlətə ləkə gətirməsin.

 

İndiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə də bu dayanır. Biz müxalifətçiləri müxalifətçi olduqlarına görə tənqid etmirik, onların içərisində bəzilərini özlərinin və yaxud partiyanın, xidmət etdikləri hansısa dairələrin maraqlarını xalqın maraqlarından üstün tutmalarına görə tənqid edirik. Bundan başqa səbəbimiz yoxdur. Əgər bu yoldan çəkinəcəklərsə, konstruktiv mövqedə olacaqlarsa, iqtidar onlara qarşı hər hansı tənqid işlətməyəcək. Bu düzgün yolda onlara uğurlar arzu edirəm”.

 

Ə.Əhmədov vurğulayıb ki, o ölkələr siyasi cəhətdən inkişaf edir ki, orada müxalifət ölkənin maraqlarını uca tutur və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir.




  Yayım tarixi :16 May 2019   16:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .