XƏBƏR
12:38

  Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir

Gündəm

Xəbər lenti

Agyol.az

 

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Dünyada çox az siyasətçi tapmaq olar ki, onların fəaliyyəti öz xalqının milli dövlətçilik tarixinin ayrılmaz hissəsinə çevrilsin. Tam qətiyyətlə deyə bilərik ki, Ulu Öndər belə simalardan biri olmuşdur. XX əsrin 70-ci illərindən etibarən Onun təqribən 30 illik fəaliyyəti nəticəsində ölkəmizin milli dövlət quruculuğu prosesinin əsasları müəyyənləşdirilmişdir. Ulu Öndərin fəaliyyətinin, atdığı hər bir addımın siyasi-ictimai mühitə ciddi təsir etmək gücündə olduğunu hamı etiraf edir. Fitri istedadı, liderlik xüsusiyyətləri, istənilən situasiyada ən düzgün qərar qəbul etmək, başqalarını dinləmək və onların müsbət təcrübəsindən məharətlə istifadə etmək bacarığı, demokratik dəyərlərə bağlılığı məhz Ona məxsus olan və Ulu Öndəri digərlərindən fərqləndirən xüsusi keyfiyyətləri idi.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinə, iqtisadi inkişafa, milli-mənəvi tərəqqiyə dönüş mərhələsi başlandı. Dövrün və sistemin ictimai-siyasi, xüsusən ideoloji reallıqlarından doğan sərt məhdudiyyətlərinə baxmayaraq, milli ruhun və milli özünüdərkin inkişafı ustalıqla gələcək müstəqil dövlətin zəruri bünövrəsinin yaradılmasına istiqamətləndirildi. Azərbaycanın 1970-80-ci illərdə iqtisadi sahədə əldə etdiyi büyük uğurlar - iqtisadiyyatın yeni sahələrinin yaradılması, sənaye istehsalının sürətli artımı, yüzlərlə nəhəng sənaye müəssisələrinin işə salınması, kənd təsərrüfatının dinamik inkişafı özlüyündə siyasi müstəqilliyə xidmət edirdi. Böyük dövlət xadimi Heydər Əliyev 1969-82-ci illərdə Azərbaycanda yüksək iqtisadi, elmi, intellektual, kadr, energetika, infrastruktur potensialı yaratmaqla bugünkü müstəqil dövlətçiliyin bünövrəsini yaratdı, onun yaşamasına tarixi şans verdi. Bu dahi şəxsiyyət Azərbaycanın milli-mənəvi inkişaf potensialını sistemləşdirərək milli maraqlarımızı müdrikliklə reallaşdıra bildi. Bu illər Azərbaycanın quruculuq tarixinə sürətli inkişaf dövrü kimi daxil olmuş, iqtisadi və sosial tərəqqiyə, struktur islahatlarının xarakterinə, xalqın maddi rifahının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına görə yeni tariximizin intibah mərhələsi olmuşdur.

Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi postunda və sonradan Moskvada yüksək vəzifədə çalışanda Azərbaycanın qüdrətlənməsi, xalqın inamının özünə qaytarılması və dirçəldilməsi üçün bütün imkanlardan istifadə etdi. Həmin illərdə Azərbaycanda cəmiyyətin elə bir sahəsi yox idi ki, orada inkişaf, müasirləşmə, yerli kadrların hazırlanması prosesi getməsin. Milli ruh, böyük dövlətçilik məfkurəsi, Vətənə və xalqa bağlılıq Heydər Əliyevi total siyasi və ideoloji məhdudiyyətlər çərçivəsində belə müstəqil Azərbaycan dövlətçiliyinin zəruri əsaslarının yaradılmasına ruhlandırırdı.

Sovetlər İttifaqının o zamankı rəhbərliyinin təzyiqlərindən sonra 1987-ci ildə görkəmli dövlət xadimi Heydər Əliyev istefa verdikdən sonra erməni separatçıları və imperiya mərkəzi tərəfindən ortaya atılmış Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünə, vətəndaşlarımızın konstitusion hüquqlarına qarşı yönəldilmiş təcavüz aksiyası idi. Heydər Əliyevin Azərbaycandan ayrı salındığı dövr ölkəmizin tarixində Kremlin ağır repressiyaları, erməni təcavüzü, qanlı müharibə, torpaqlarımızın işğalı, soydaşlarımızın qətli və deportasiyası, iqtisadi, siyasi və hərbi böhranlarla müşahidə olundu. Xaos vəziyyətinə salınmış ölkədə ard-arda saysız problemlər artaraq onların həlli müşkül məsələyə çevrilirdi. Ulu Öndərin, görkəmli dövlət xadiminin xalqdan ayrı salınması Azərbaycanın ölçüyəgəlməz itkilərlə üzləşməsinə səbəb oldu.

1990-cı ilin iyulunda çətinliklə Azərbaycana qayıdan Ulu Öndər paytaxt Bakıda yaranmış gərgin durumu düzgün dəyərləndirərək Naxçıvana getməyə qərar verdi. Çox keçmədi ki, yerli əhalinin israrlı təkid və xahişlərindən sonra Heydər Əliyev muxtar respublikanın Ali Məclisinin Sədri seçildi və burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin ən parlaq səhifələri yazıldı. Lakin o dövrkü hakimiyyət mənsubları millətin və torpaqlarımızın taleyini düşünmək, çoxsaylı və ağrılı problemlərin həllinə cəhd etmək əvəzinə Heydər Əliyev kimi dahi şəxsiyyəti susdurmağa, bütün proseslərdən kənarda saxlamağa, hətta Onun fiziki cəhətdən məhvinə çalışırdılar.

Azərbaycan Respublikası Ali Sovetinin1991-ci il oktyabr ayının 18-də Müstəqillik haqqında Konstitusiya Aktını qəbul etməsi ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və xalqımızın həyatında keyfiyyətcə yeni mərhələnin bünövrəsi qoyuldu. Bu tarixi hadisənin nəticəsində Azərbaycan xalqı öz həyatını sərbəst və müstəqil qurmaq imkanı qazandı. Ancaq müstəqilliyin ilk illərində dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə müşayiət olunmağa başladı. Bu çətinliklərin bir qismi ölkəmizə ərazi iddiaları irəli sürən nankor qonşumuz olan Ermənistanın hərbi təcavüzə əl ataraq xarici havadarlarının dəstəyi ilə Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində meydana çıxmışdı. Müstəqil dövlət quruculuğu prosesinə ciddi maneə yaradan səbəblərdən biri də həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunmaları ilə bağlı idi. Milli mənafelər kimi dəyərləri anlamayan, dövlətçilik və idarəçilik səriştəsi olmayan həmin qüvvələr müstəqil Azərbaycan dövlətinin inkişaf etdirilməsi haqqında heç bir konkret təsəvvürə malik deyildilər.

Həmin dövrdə cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik və özbaşınalıq siyasi hakimiyyəti ələ keçirmək niyyəti güdən müxtəlif təmayüllü qüvvələrin dağıdıcı fəaliyyəti üçün münbit şərait yaratdı. Ölkədəki böhrandan fürsət kimi istifadə edən Azərbaycan Xalq Cəbhəsi siyasi hakimiyyəti ələ keçirdi. Sırf təsadüfi şəxslərin siyasi hakimiyyətdə təmsil olunmaları çox keçmədən özünün ağır fəsadlarını qabarıq şəkildə göstərdi. Hakimiyyət nümayəndələri Heydər Əliyevə qarşı siyasi təqib yolunu tutdular. Daşıdıqları məsuliyyətin mahiyyətini belə anlamayan bu anarxist ünsürlər çox tez bir zamanda öz naşı əməlləri ilə ağır ictimai-siyasi, iqtisadi və hərbi problemlərin girovuna çevrildilər. Hakimiyyətdə olduqları qısa müddət ərzində nəinki heç bir problemi həll etməyən, üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi ağır fəsadlar törədən AXC-”Müsavat” liderləri 1993-cü ilin yayı ərəfəsində tamamilə nüfuzdan düşmüş və xalqın böyük əksəriyyəti onlardan üz döndərmişdi. Onların səriştəsiz idarəçiliyi nəticəsində yaranmış sosial-iqtisadi böhran, getdikcə dərinləşən xaos və anarxiya ölkə ictimaiyyətini ciddi narahat etməyə başladı. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə gəlməsi ilə bağlı getdikcə güclənən çağırışlar xalqın, cəmiyyətin sosial sifarişinə çevrildi.

Belə bir vəziyyətdə, yəni 1992-ci ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin xeyir-duası və rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Xalqımızın müqəddəs arzularının, sabaha olan ümidlərinin, müstəqilliyinin və azadlığının təminatçısı kimi yaranan Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Partiyanın təsis konfransından çox qısa müddət sonra, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi əsasında Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın çağdaş tarixində yeni, şərəfli bir səhifə açıldı.

Böyük siyasət ustası Heydər Əliyevin xalqın nicatı üçün atdığı məqsədyönlü addımların real nəticələri ilk günlərdən özünü göstərməyə başladı. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu, anarxiya, itaətsizlik təzahürləri aradan qaldırıldı, qanunsuz silahlı dəstələr ləğv edildi, respublikada kriminogen vəziyyət nizamlandı, ictimai-siyasi sabitlik bərqərar oldu. Bu siyasət Azərbaycanda demokratik cəmiyyətin əsaslarını formalaşdırmaqla bərabər, insanların gələcəyə olan ümidlərini artırdı, müstəqil dövlətçiliyimizi möhkəmləndirdi. 1993-cü ildə daxili və xarici düşmənlərin dağıdıcı, separatçı hərəkətlərinin, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısını alan Heydər Əliyev hakimiyyət uğrunda didişmələrə, hərc-mərcliyə, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyaraq dövlətçiliyi sağlam təməl üzərində inkişafa istiqamətləndirdi. Sosial-iqtisadi islahatlar, cəmiyyət üçün yenilik olan bazar iqtisadiyyatına keçid, özəlləşdirmə siyasəti, hüquq islahatları, neft strategiyasının işlənib hazırlanması, qlobal və regional layihələrin reallaşdırılması, Böyük İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilişi Azərbaycanın hegemon supergüclərin asılılığına düşməsinə imkan verməməklə yanaşı, ölkəmizin beynəlxalq birliyə inteqrasiyasını gücləndirdi, müstəqilliyimizin əbədi olmasını təmin etdi. Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Ulu Öndər həyatının bütün mərhələlərində Öz ali məqsədlərini - mənsub olduğu xalqa və cəmiyyətə sədaqət, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutaraq dönmədən və fədakarlıqla çalışmışdır. Heydər Əliyev mənəvi keyfiyyətlərinə, möhkəm iradəsinə, idarəçilik və liderlik qabiliyyətinə görə fenomenal şəxsiyyətlərdəndir. Ulu Öndərin müdrikliyi, aydın zəkası, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara Özünə inam hissini aşılamaq qabiliyyəti Onun böyük lider obrazını yaradan xüsusi keyfiyyətləridir. Məhz bu keyfiyyətlər Ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa müddət ərzində milli mənafelərin, dövlətçiliyin ifadəçisi kimi ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Vətənə, xalqa xidmət Onun həyat məramı, ömür amalı olmuşdur. Bu günlərdə anadan olmasının 96-cı ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz Ulu Öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, Onun parlaq xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaqdır. Dünyada siyasətlə məşğul olan insanlar çoxdur, lakin öz xalqının və dövlətinin şəksiz lideri və öndəri titulunu qazanmaq çox az sayda şəxslərə müyəssər olmuşdur. Bu mənada O, xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlımızdır.

Həyatı qədər sevdiyi xalqının gələcək taleyini daim düşünən Ulu Öndər Onun tərəfindən müəyyənləşdirilmiş mükəmməl siyasətin Özündən sonra da dönmədən və cəsarətlə həyata keçirilməsini təmin edə biləcək siyasi varisini də müəyyənləşdirdi. Tam əminliklə söyləyə bilərik ki, Ulu Öndərin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövlətinin və xalqının gələcək taleyi etibarlı əllərdədir. Məhz Onun müəllifi olduğu milli dövlətçilik konsepsiyası Heydər Əliyev məktəbinin ən istedadlı, ən layiqli nümayəndəsi olan Prezident İlham Əliyev tərəfindən böyük yaradıcılıqla inkişaf etdirilir. İlbəil dövlətimiz daha da qüdrətlənir, xəyal edilə biləcək və nankor düşmənlərin həsəd apara biləcəyi meqa layihələrin icrası ardıcıl olaraq müvəffəqiyyətlə həyata vəsiqə qazanır. Dövlətimiz tarixinin ən qüdrətli və ən möhtəşəm intibah dövrünü yaşamaqdadır. Ulu Öndər Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyev tərəfindən yenilənmiş, tamamilə müasir görkəm almış, güclü və etibarlı dayaqlar üzərində bərqərar olan bir məmləkətə sahibik. Prezident İlham Əliyevin milli məfkurəyə, yüksək intellektə, praqmatizmə, reallığa əsaslanan, xalqımızın istək və arzularını, firavan gələcəyini hədəfləyən siyasi iradəsi və möhkəm əzmi nəticəsində Azərbaycan heç zaman olmadığı qədər tarixinin ən inkişaf etmiş fazasına daxil olmuş və bu uğurlu siyasətin ardı xalqımızı və dövlətimizi daha böyük zəfərlərə daşıyacaqdır.



Əhliman Tağıyev

Yeni Azərbaycan Partiyası

Yasamal rayon təşkilatının Şura

üzvü, Milli Məclisin İnsan

hüquqları komitəsinin eksperti




  Yayım tarixi :16 May 2019   12:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .