XƏBƏR
10:27

  Bakıda IDEA İctimai Birliyinin "Şəhər ekologiyası" layihəsi həyata keçirilir - FOTO

Gündəm

Xəbər lenti
Bakıda IDEA İctimai Birliyinin şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunması və qaytarılmasına yönəlmiş "Şəhər ekologiyası" layihəsi həyata keçirilir.

Agyol.az xəbər verir ki, mayın 9-da layihə çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Velopark ərazisində yerləşən yaşıllıq sahəsinə 20 sincab buraxılıb.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda, Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhər boyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır. "Şəhər ekologiyası" layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsi, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılmasından, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsindən ibarətdir.Keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşmışdır ki, onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşmışlar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.




  Yayım tarixi :10 May 2019   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .