XƏBƏR
15:41

  “Jewish Journal” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində abidələrin məhv edilməsindən yazıb

Gündəm

Xəbər lenti
Amerikanın “Jewish Journal” nəşrində Xocalı qırğınının möcüzə nəticəsində xilas olmuş şahidi Dürdanə Ağayevanın “Böyük itkilər: Qafqazda diqqətdən kənarda qalan “mədəni təmizləmə” sərlövhəli məqaləsi dərc olunub. Məqalə Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrinin məhv edilməsinə həsr edilib.

Müəllif yazır ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal edib. BMT Təhlükəsizlik Şurası bu qanunsuz hərbi təcavüzü pisləyən dörd qətnamə qəbul edib. D.Ağayeva qeyd edir ki, onun özü və ailə üzvləri də daxil olmaqla, 800 mindən çox dinc azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.

Məqalədə vurğulanıb ki, etnik təmizləməni başa çatdıran erməni işğalçıları bu torpaqlarda azərbaycanlıların mövcudluğunun bütün izlərini silməyə cəhd edirlər. Bu, son dərəcədə iyrənc addımdır, çünki Dağlıq Qarabağ Azərbaycan poeziyasının, musiqisinin və mədəniyyətinin beşiyidir.

2010-cu ildə isveçrəli jurnalist Andre Vidmer işğal altında olan bölgədə Azərbaycanın mədəniyyət nümunələrinin məhv edilməsindən yazıb. O, əvvəllər 50 min azərbaycanlı əhalinin yaşadığı işğal edilmiş Ağdam rayonuna səfər etdikdən sonra işğalçıların talanı və mədəniyyət abidələrini yer üzündən silmək cəhdlərini davam etdirdiklərini qeyd edib. İsveçrəli jurnalist yazıb: “Bununla belə, hətta atəşkəs haqqında sazişin imzalanmasından 20 ilə yaxın müddətdən sonra da, işğalçılar Ağdamı talan etməkdə davam edirlər...Ağdam şəhəri müharibənin qaliblərinin ehtiyat hissələri anbarına çevrilib...Sivilizasiyanın vuran nəbzindən, mədəni sərvətlərdən və infrastrukturdan məhrum olmuş Ağdam məchul ölkədə tənha, dəhşətli yerə bənzəyir”. Britaniyalı jurnalist Tomas de Vaal bir zamanlar bu şəhəri “kiçik Xirosima”, digər britaniyalı yazıçı və səyahətçi Corc Mitçell isə “Qafqaz Xirosiması” adlandırıblar.

Məqalədə ermənilər tərəfindən Azərbaycanın 1891 maddi və mədəni irs obyektinin, o cümlədən 738 tarixi abidənin, 83 500 eksponatı olan 28 muzeyin, 4 foto qalereyanın, 14 memorial kompleksin və 107 mədəniyyət müəssisəsinin talan, təhqir və məhv edilməsindən bəhs edilib. ATƏT-in regionda faktların aşkar edilməsi üzrə missiyası 2005 və 2010-cu illərdə ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsini təsdiq edib.

D.Ağayeva yazır: “Dünya ictimaiyyəti mənim ailəmin və Qarabağın yüz minlərlə sakinlərinin çoxəsrlik irsinin təmizlənməsi kimi dəhşətli faktlara biganə qalmamalıdır. Bəşəriyyətə məxsus olan hər hansı mədəniyyətin itirilməsi hamı üçün itki sayılmalıdır”.




  Yayım tarixi :04 May 2019   15:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .