XƏBƏR
15:12

  Rufiz Qonaqov: Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində mühüm rol oynayacaq

Gündəm

Xəbər lenti

Azərbaycan Cənubi Qafqaz regionunda həm nəqliyyat-logistika üzrə, həm də turizm və digər sahələr üzrə öz yerini müəyyənləşdirib. Bu səbəbdən ölkəmiz “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində mühüm rol oynayacaq. Bununla yanaşı, “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu bir kəmərin, bir yolun xalqlar, ölkələr arasında dostluğa, əməkdaşlığa verdiyi töhfələrin əhəmiyyətini ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O qeyd edib ki, ölkəmiz qlobal layihənin reallaşması nəticəsində Çinin böyük şirkətləri ilə əməkdaşlıq edəcək. Məsələnin siyasi tərəfinə gəldikdə isə, Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Çinlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Ölkələr arasındakı münasibətlər siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib.

 

R.Qonaqov vurğulayıb ki, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istər iştirakçı, istərsə də dünya dövlətlərinin iqtisadi imkanlarının genişləndirilməsində rolu inkaredilməzdir. Azərbaycan bu kimi mühüm layihələrin uğurlu icrasına nail olmaqla tranzit ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə məqsədilə gündəmə gətirdiyi layihələrin uğurlu icrası ölkəmizə yeni tərəfdaşlar, dostlar qazandırıb. Politoloq qeyd edib ki, əməkdaşlıqlar öncə regional çərçivədə qurulub. İndi isə artıq bu əlaqələrin coğrafiyasının daha da genişləndiyinin şahidi oluruq.

 

Politoloq qeyd edib ki, qlobal layihənin həyata keçirilməsində bu və ya digər formada iştirak edən dövlətlər “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunublar. Təbii ki, Azərbaycan da həmin layihənin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Prezident İlham Əliyev də həmin tədbirdə Azərbaycanı təmsil edib. Beləliklə, hesab etmək olar ki, dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən biri olan Çin ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin.

 

Ümumilikdə Forumda parlaq gələcəyi şərtləndirən bütün amillərin nəzərdən keçirildiyini və dünyaya sülh, təhlükəsizlik, birlik və əməkdaşlıq mesajları ünvanlandığını söyləyən BMAM sədri bildirib ki, Azərbaycan sabitləşdirici amil, dinamik iqtisadi inkişafa malik ən islahatçı ölkə, dünya birliyinin fəal üzvü kimi bu çağırışlara böyük töhfələr verir.




  Yayım tarixi :30 Aprel 2019   15:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .