XƏBƏR
14:07

  Bakı metrosu artıq əlil arabasından istifadə edənlərə əlçatandır

Gündəm

Xəbər lenti

Artıq "Bakı Metropoliteni" QSC əlil arabasından istifadə edənlərə əlçatandır.

 

Agyol.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib. Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupu yaradılıb. Onların qurğulardan istifadə və müvafiq təlimat qaydalarını mənimsəməsi istiqamətində nəzəri və praktiki təlimləri və treninqləri uğurla aparılıb. Bununla yanaşı, praktiki vərdişlərin artırılması üçün əlil arabası ilə sınaq xarakterli təlim və məşqlər müntəzəm qaydada davam etdirilir.

 

Qeyd edək ki, bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra, sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.

 

Sifarişlərin verilməsi də müasir texnologiyaların imkanları ilə aparılır. Bununla bağlı əhəmiyyətli işlər artıq yerinə yetirilib. İlk əvvəl mobil telefon nömrəsi (+994 50 268 00 65) müəyyən edilib. Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı "Google play market" elektron əlavələr proqram qovluğuna yüklənib (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).

Eyni qayda ilə proqramı “Bakı Metropoliteni” QSC-nin "metro.gov.az" rəsmi internet saytından yükləmək mümkündür. Bunun üçün saytın "Sərnişinlər üçün" bölməsində yerləşdirilmiş "Əlçatan metro" yarımbölməsindən istifadə etmək olar. Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir.

 

Zənglər və ya elektron sifarişlər Bakı metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.

 

İşçi qrupunun fəaliyyətini tənzimləyən əsas məsələlər də artıq həllini tapıb. Bununla yanaşı, işin bir çox spesifik tərəfləri də təkmilləşdirmə məqsədilə davamlı olaraq öyrənilir.

 

Müəyyən səbəblərdən sərbəst hərəkət məhdudiyyəti yaranaraq, əlil arabasından müvəqqəti istifadə edən sərnişinlərin də maraqları xüsusi nəzərə alınıb. Belə sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalırının hüdudlarında bu vasitədən faydalana bilərlər.

 

Xüsusi mobil işçi qrupları yaradıldığından "Bakı Metropoliteni" QSC rəhbərliyi onların müşayiət xidmətindən istifadə edə biləcək sərnişinlərin kateqoriyasını genişləndirmək qərarına gəlib. Bu sıraya əsa və qoltuqaltı ağaclardan istifadə edənlər, görmə və eşitmə qabiliyyəti məhdud olanlar, uşaq arabacıqları ilə hərəkət edənlər, ahıllar və əl yükü olan hamilə qadınlar da daxil edilib.

 

Təhlükəsizliyin təmin edilməsi metropolitendə ən əsas vəzifə olduğundan, sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

 

Hazırda metropolitenin bütün qatar tərkiblərində əlil arabaları üçün yerlərin quraşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Elan edildiyi kimi, əlil arabası üçün yerlər baş vaqonun maşinist kabinasına yaxın hissəsində quraşdırılır və vaqon konstruksiyasının təməl prinsiplərinə xələl gətirmir. 81-717/714 tipli 30 qatarın baş vaqonlarında belə yerlərin quraşdırılması yekunlaşdırılıb.




  Yayım tarixi :30 Aprel 2019   14:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .