XƏBƏR
10:33

  Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən on il ötür

Gündəm

Xəbər lenti

Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilmiş faciədən on il keçir.

 

Agyol.az xəbər verir ki, 2009-cu il aprelin 30-da saat 9:30 radələrində keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri Dilarə Əliyeva küçəsində qaz-neft mədən və neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan cinayətkarın birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər arasında ADNA-nın professorları, müəllimləri, laborantları və tələbələri olublar.

 

Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.

 

Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb.

 

Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıblar.

 

Prezident İlham Əliyev aprelin 30-da ADNA-da baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.




  Yayım tarixi :30 Aprel 2019   10:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .