XƏBƏR
11:01

  Aprelin 28-də, eləcə də DİM tərəfindən keçirilən digər imtahanlarda iştirak edəcək şəxslərin nəzərinə

Gündəm

Xəbər lenti

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 28-də növbəti imtahanlar keçiriləcək. DİM imtahanda davranış qaydaları ilə bağlı məlumatları bir daha abituriyentlərin nəzərinə çatdırır.

 

Agyol.az  xəbər verir ki, DİM–dən bildirilib ki, hər bir imtahandan öncə iştirakçılar üçün imtahan haqqında məlumat, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən “Yaddaş kitabçası” hazırlanır. “İmtahana buraxılış vərəqəsi”ndə də yaddaş kitabçasından çıxarış təqdim olunur. Abituriyentlər imtahandan öncə “Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.

 

İlk növbədə, iştirakçılar imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir), gətirməlidirlər.

 

Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq abituriyentə qadağandır.

 

Abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur.

 

DİM abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edir.

 

Məlumat üçün bildirək ki, aprelin 7, 14 və 21-də keçirilən buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. Aprelin 7-də keçirilən buraxılış imtahanlarında imtahan başa çatdıqdan sonra sual kitabçasının fotoşəkilinin sosial şəbəkələrdə yayılması halı ilə əlaqədar ilkin araşdırmanın nəticəsi də məlumdur və bu barədə növbəti həftənin birinci günü daha ətraflı məlumat veriləcək.

 

DİM bütün imtahan iştirakçılarına uğurlar arzulayır və tələb olunan qaydalarla bir daha tanış olmağı və onlara riayət etməyi tövsiyə edir.




  Yayım tarixi :27 Aprel 2019   11:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .