XƏBƏR
15:42

  Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)

Gündəm

Xəbər lenti

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilib.

 

Agyol.az  Qaradağ Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Elmi-tədqiqat Oftalmologiya İnstitunun Elmi metodik şöbəsinin müdiri Yazgül Abdiyeva, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak ediblər.

 

Əvvəlcə yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfrans Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

 

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdı. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi. O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə xanım 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olub. Zərifə Əliyeva bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olub.

 

Akademik Z.Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşıyıb.

 

YAP Qaradağ rayon təşkilatının sədri Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

 

Zərifə xanım Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaq. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti vardır. Ümumiyyətlə, onun ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlər, Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir, ona böyük hörmət və ehtiram qazandırır.

 

Sonra Yazgül Abdiyeva çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq Zərifə xanım Əliyevanın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğuladı. Qeyd etdi ki, Zərifə Əliyeva məşhur alim, istedadlı insan olmaqla yanaşı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş anadır.

 

Daha sonra çıxış edən 19 saylı BŞX-nın oftalmoloqu Hicran Həşimova çıxış edərək, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan böyük alimin xatirəsini andı.

 

Digər çıxışçılar akademik Zərifə xanım Əliyeva mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulayıblar.

 

Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.




  Yayım tarixi :26 Aprel 2019   15:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .