XƏBƏR
14:10

  Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir

Gündəm

Xəbər lenti

Azərbaycan-Rusiya münasibətlərinin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir.

 

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

 

Dövlətimizin başçısı qeyd edib: “Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur”.

 

İlham Əliyev bildirib ki, biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər: “Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik”.



Vladimir Putin: Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməyəcək


 Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməyəcək.

 

Agyol.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinlə aprelin 26-da Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

 

V.Putin qeyd edib: “Hörmətli İlham Heydər oğlu. Hörmətli dostlar. Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir”.

 

O vurğulayıb ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr inkişaf edir: “Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam”.

 

Ticarətə gəldikdə, Rusiya Prezidenti bildirib ki, keçən il iki ölkə arasında əmtəə dövriyyəsi, demək olar, 14 faiz artıb və 2,5 milyard dollara çatıb: “Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq”.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. V.Putin bəyan edib ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.




  Yayım tarixi :26 Aprel 2019   14:10

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .