XƏBƏR
17:41

  Uşaq böyüdərkən bu səhvlərə yol vermək olmaz – Araşdırma

Gündəm

Xəbər lenti

Günümüzdə uşaqların düzgün böyüməsində valideynlər bir çox səhvlər edir. Mütəxəssislər bildirirlər ki, yaşlı insanların əziyyət çəkdiyi bir çox problemlərin təməli hələ uşaq ikən yaşanan problemlərdən qaynaqlanır. Araşdırmalar göstərir ki, uşaqların düzgün böyüdülməsi ilə bağlı yanlışlıqlar var.

 

Agyol.az uşaq tərbiyəsi ilə bağlı araşdırmanı təqdim edir:


Ərköyün olmasın deyə, sevginizi əsirgəməyin

 

Uşağın tərbiyə edilməsində ən böyük rol sevginin üzərinə düşür. Övladınıza sevginizi daim göstərməlisiniz. Əgər ərköyün böyüyəcəyindən qorxaraq sevginizi əsirgəyirsinizsə, yanılırsınız. Ərköyünlük başqa şeydir, sevgi başqa. Təbii ki, hər şeyin bir həddi olmalıdır, amma sevginizin qarşılıqsız olduğunu uşaq öyrənməlidir. Qoyduğunuz qadağaları başa saldıqda, qadağaların onun yaxşılığı üçün olduğunu izah etdikdə, övladınız sizi dinləyəcək və daim güvənəcək, sevginizi hər an hiss edəcək.

 

Uşağınızı özbaşına buraxmayın

 

Araşdırmalar göstərir ki, son dövrlər yol verilən ən böyük səhvlərdən biri valideynlərin uşaqlarını özbaşına buraxmasıdır. Təəssüflər olsun ki, uşaqları tablet və telefonlarla tək buraxırlar. Yemək yedizdirərkən və ya rahat dincəlmək üçün uşaqların bu vasitələrlə “başını qatırlar”. Uşaqlar isə internetdən izlədikləri ilə öz-özlərini inkişaf etdirirlər. Kim bilir nələr öyrənirlər, hansı təhlükəli oyunlar oynayırlar. Əslində, uşaqların bu zahiri sakitliyindən qorxmaq lazımdır. Uşağınızın fərqində olun, onu dinləyin, öz-özünə böyüməsini gözləməyin. Uşaqla münasibət qurarkən telefonu qırağa qoyun. Uşağınız sadəcə, qışqırdığı zaman onunla maraqlansanız, o da onunla maraqlanmaq üçün qışqırmasının lazım olduğunu düşünəcək.

 

Sıxmaqla böyütməyin

 

Uşağınızı pambıqlar içində böyütməyin. Şalvarını geyindirməyin, buraxın öz-özünə geyinməyi öyrənsin və yaxud yediyi boşqabı götürməyi öyrənsin. Çölə çıxmasına icazə verin, uşaqlarla oynaması üçün şərait yaradın. Məktəb vaxtında uşağınızın aktiv bir şagird olması üçün onun danışmasına, mahnılar öyrənməsinə, şeirlər əzbərləməsinə kömək edin. Əgər uşaq toplu insanlar qarşısında danışa bilir ya da mahnı oxumasına icazə verilirsə, özünü hər yerdə düzgün bir şəkildə ifadə edə bilər. Özgüvəni formalaşar.

 

Təriflərə və tənqidlərə diqqət edin

 

Kompleksli insanlar təriflənməyə ehtiyac duyarlar. Bu davranışların təməlində uşaq ikən edilən tənqidlər dayanır. Uşaqla danışarkən sözlərinizə diqqət edin. Onlarda kompleks yaradan ifadələr istifadə etməyin. “Sən axmaqsan, düşüncəsizsən” bu kimi cümlələr uşaqda kompleks yaradır və bütün həyatına təsir edir. Məsələn, riyaziyyat dərsindən aşağı qiymət alsa da, “məncə, daha yaxşı hazırlaşmadın, yaxşı hazırlaşsaydın, bacara bilərdin”, - deyin. Yaxud da süfrəni yığmağa kömək edibsə, onu tərifləyin.

Yalan söyləməyin

 

Bir çox valideyn uşaqların çox sual verməsindən bezir. Uşaqların sual verməsindən sıxılmayın. Sual verən uşağa xüsusi yaxınlaşmalı, dürüst cavablar verilməlidir. Uşaqlarınıza qarşı dürüst olun. Əgər biz uşaqlara dürüst olmasaq, söylədiklərimizin və verdiyimiz sözlərin arxasında durmasaq, uşaqlarımız da bizə inanmaz. Beləliklə, bizdən yalan demə davranışını, dürüst olmamağı “kopyalayar”. Mütəxəssislər qeyd edirlər ki, sağlam uşaq böyütmək üçün valideynlər özlərindən başlamalıdır.

 

Digər uşaqlarla müqayisə etməyin

 

Kiçik yaşlardan uşaqlar arasında edilən müqayisələr bir sıra mənfi davranışlara yol aça bilər. Müqayisə edilərək böyüdülən uşaqlarda özgüvən aşağı olur. Söylədiyiniz müqayisələr uşağınıza yetərsizlik hissini verir. Güvənli olmağı öyrədin, onun zəkasını zədələyə biləcək sözlərdən istifadə etməyin.




  Yayım tarixi :25 Aprel 2019   17:41

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .