XƏBƏR
14:39

  Mavritaniya qəzetlərində Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlişi ilə bağlı məqalə dərc edilib

Gündəm

Xəbər lenti

Mavritaniya İslam Respublikasının “Huriya Media” və “Əl-Yəqin” qəzetlərində Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifliyi ilə “Azərbaycan 10 milyonuncu vətəndaşının anadan olmasını qeyd edir” sərlövhəli məqalə dərc edilib.


Səfirlikdən Agyol.Az -a verilən məlumata görə, məqalədə qeyd edilir ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Körpəyə Mehriban adı verilib. Azərbaycanda bu mühüm hadisə atəşfəşanlıq və konsert proqramları ilə təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu vətəndaşı Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşmüş və bu münasibətlə Azərbaycan xalqını və valideynləri təbrik etmişlər.


Yazıda diqqətə çatdırılır ki, 1991-ci ildə müstəqilliyini əldə etdikdə Azərbaycanın əhalisi 7,2 milyon nəfər təşkil edirdi. Müstəqilliyinin ilk illərində Azərbaycan xalqı çətin problemlərlə üzləşdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edildi, etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Həmçinin SSRİ-nin dağılması səbəbindən iqtisadi və ticarət əlaqələri pozulmuşdu. Yalnız 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə tədricən bu böhrandan çıxmağa başladı, ölkədə ictimai və siyasi sabitlik bərqərar olundu, milli birlik təmin edildi və ölkə həyatının bütün sahələrində yenidənqurma işlərinə başlanıldı.


Məqalədə vurğulanır ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji inkişaf və hərtərəfli islahatlar kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili inkişafın bir sıra əsas parametrlərini, o cümlədən makroiqtisadi sabitlik, sürətli iqtisadi inkişaf, müsbət demoqrafik vəziyyət və effektiv dövlət idarəçiliyini gücləndirib.


Qeyd edilir ki, 2003-2018-ci illərdə məcburi köçkünlərlə bağlı məsələləri həll etmək üçün genişmiqyaslı tədbirlər görülüb. Ölkədə heç bir çadır düşərgəsi qalmayıb, 265 min nəfər 100-dən çox qəsəbə və şəhərciyə köçürülüb.


Yazıda bildirilir ki, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Son Olimpiya Oyunlarında qazandığı medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB-də 2-ci, İslam ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. 2016-cı ildən başlayaraq Bakıda Formula 1 yarışları keçirilir.


Azərbaycan xalqının həmişə öz liderinə güvəndiyini və ona ən güclü dayaq olduğunu vurğulayan müəllif yazıda Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycanda bütün sahələrdə aparılan fundamental islahatlardan da bəhs edib. Vurğulanır ki, 10 milyonuncu sakininin dünyaya gəlişi Azərbaycan dövlətinin insan kapitalını ölkənin əsas xəzinəsi kimi qiymətləndirməsinin göstəricisidir.


Qeyd olunur ki, Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı əsassız ərazi iddiaları səbəbindən Ermənistan əsas geoiqtisadi layihələrin icrasının xaricində qalıb. Əhalinin sayının azalması fonunda özünü təcrid etmiş Ermənistan xalqını iqtisadi inkişafdan və tərəqqidən məhrum edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi Ermənistanı iqtisadi artım və regionda ticarət imkanlarından məhrum edir, eyni zamanda, bölgənin davamlı inkişafına mənfi təsir göstərir. Azərbaycan torpaqlarının hərbi işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.




  Yayım tarixi :18 Aprel 2019   14:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .