XƏBƏR
20:59

  Əli Əhmədov: Əldə olunan nailiyyətlər Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir

Gündəm

Xəbər lenti

1 il bundan öncə Azərbaycan vətəndaşları öz seçimini edərək Prezident İlham Əliyevi yeni müddətə, yəni 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçiblər. Azərbaycan xalqı tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi, bir yandan vətəndaşların Ulu Öndər Heydər Əliyevin siyasətinə hörmətin, inamın ifadəsi, ikinci tərəfdən isə Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir.


Agyol.az-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda keçirilən müşavirədə deyib.


Baş nazirin müavini bildirib ki, sözün həqiqi mənasında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmizin iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında ciddi, əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin siması dəyişib, insanların rifahı yaxşılaşıb. Azərbaycan xeyli dərəcədə müasirləşərək, dünyanın uğurlu dövləti kimi qiymətləndirilir.


Ə.Əhmədov deyib ki, əldə olunan nailiyyətlər, uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir. Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə seçimlərini İlham Əliyevdə görərək, Ona səs veriblər. Bu doğru seçimdir. Bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər əldə ediləcək:


“Azərbaycan sözün əsl mənasında böyük inkişaf mərhələsi yaşayır. Bu bir çox səbəb və amillərlə bağlıdır. Birincisi, birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi, Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Dövlətin həyata keçirdiyi ən başlıca iki siyasət var ki, birincisi dövlətin, insanların təhlükəsizliyi, ikincisi isə insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir.


Ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Belə hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız kütləvi informasiya vasitələri ilə, dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi. İnsanın həyatından, yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki, bu, insanların yaşaması üçün ən vacib şərtlərindən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib".


Ə.Əhmədov bildirib ki, qarşıya qoyulan ikinci vəzifə olan vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində də böyük işlər uzun müddət ərzində həyata keçirilib:


"Minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması da məhz əldə olunan maddi bazanın sayəsində atılan addım, həyata keçirilən aksiyalardır. Bu eyni zamanda insanların rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən atılan cəsarətli bir addımdır. Müavinətlərin, minimum əmək haqlarının, pensiyaların bir dəfəyə 40 faizədək artırılması böyük maliyyə vəsaiti tələb edən cəsarətli addımdır. Azərbaycan hökuməti birincisi, insanların rifahının yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atmağa hazırdır, bu hökumətin həyata keçirdiyi siyasətin əsas vəzifələrindən biridir. İkincisi isə bu cəsarətli addımı atmaq üçün etibarlı baza yaradılıb. Sərəncamların sayı həddindən artıq çoxdur. Çox müxtəlif təbəqələrin həyatının yaxşılaşdırılmasına əsas yaradan sərəncamlar imzalandı, addımlar atıldı. 600 minə yaxın insan təkcə minimum əmək haqlarının artırılması istiqamətində atılan addımdan bəhrələnmiş oldu. Bu rəqəmi eynilə minimum əmək pensiyası alanlara da şamil etmək olar. Minimum əmək haqlarının 180 manata qaldırılması o deməkdir ki, ölkəmizdə bundan az əmək haqqı alan olmayacaq, bunun nəticəsində həyatı yaxşılaşan insanlar daha da çoxalacaq. Bu avtomatik olaraq digər səviyyələrdə əmək haqqı alanların maaşlarının artırılmasına səbəb olacaq. Əlillərin, müxtəlif səbəblərlə əlaqədar əlillik pensiyası alanların,


Qarabağ müharibəsi əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlərin də 50 faiz artırılması, bu kateqoriyadan olan dövlət yardımları hesab oluna bilər. Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyəti insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və onun həyat yaşayışının müasirləşməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də , bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında, birbaşa təşəbbüsü nəticəsində geniş miqyaslı iqtisadi islahatlar həyata keçirilir”.




  Yayım tarixi :11 Aprel 2019   20:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .