Ukraynanın
Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın
Qubadlıda ermənilər tərəfindən qətlə yetirilməsinin 28-ci ildönümü ilə bağlı
anım tədbiri keçirilib.
Agyol.az xəbər verir ki, Azərbaycanın
Ukraynadakı səfirliyindən verilən məlumata görə, keçirilən anım tədbirində
O.Babakın valideynləri, yerli əhali, onun adını daşıyan orta məktəbin şagirdləri,
ölkəmizin Poltovadakı fəxri konsulluğu, Ukraynada Azərbaycan Ticarət Evinin
nümayəndələri, Poltava Şəhər Administrasiyasının rəsmiləri və ukraynalı
deputatları, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın
Ukraynadakı səfiri Azər Xudiyev, səfirliyin hərbi attaşe aparatının əməkdaşları
əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın
valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından
maraqlandığını vurğulayıblar.
Sonra tədbir
iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlığa gəliblər. O.Babakın Azərbaycanın
Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan
danışan səfir A.Xudiyev bildirib ki, O.Babak yerli kənd camaatı ilə birgə təxminən
70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil
verib, geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç
bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər
vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının
həyatı xilas olub. Səfir vurğulayıb ki, O.Babakın qəhrəmanlığı Azərbaycanda
dillər əzbəridir.
Anım tədbirində
iştirak edən O.Babakın əsgər yoldaşları, komandiri, Poltava vilayəti rəsmiləri,
deputatları çıxışlarında onun hərbi xidmətdə olarkən göstərdiyi şücaətlərdən
danışıblar.
Sonra tədbir
iştirakçıları O.Babakın adını daşıyan orta məktəbə gələrək muzeylə tanış
olublar. Orta məktəbdə keçirilən tədbirdə səfir A.Xudiyev, səfirliyin hərbi
attaşesi, polkovnik İlqar Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq
siyasəti, O.Babak kimi minlərlə insanın erməni vandalizminin qurbanı olması barədə
danışıblar.
Sonda səfirlik
orta məktəbə kompüterlər hədiyyə edib.