Martın
29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə
Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması üzrə birbaşa dialoqa qayıtmaq baxımından əla
addımdır.
Agyol.Az xəbər verir ki, bunu açıqlamasında Fransa Senatının
Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.
Onun fikrincə, ATƏT-in Minsk qrupunun öz rolunu
oynaması və münaqişənin ədalətli həlli yolunun tapılmasına kömək etməsi də çox
mühümdür:
"Bu görüş münaqişənin həlli üçün siyasi
iradəni nümayiş etdirdi. Lakin işğalın onilliklər boyunca davam etdiyini nəzərə
alsaq, bizə təkcə danışıqlar deyil, konkret fəaliyyət lazımdır. İlkin olaraq
Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsinə nail olmaq
vacibdir".
N.Qule ümid etdiyini bildirib ki, liderlər
arasında birbaşa danışıqlar müəyyən nəticə verəcək:
"Lakin iki ölkənin vətəndaş cəmiyyətləri
arasında dialoqun qurulması da vacibdir. Parlament diplomatiyası üçün də
potensial var. Şübhəsiz ki, tərəflər daha çox sülh bağlamağa səy göstərirlər,
nəinki müharibəyə başlamağa".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham
Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini
müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub.
Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk
qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə
davam etdirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri
və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas
məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı
qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit
şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü
addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.