XƏBƏR
11:58

  XİN: Azərbaycan xalqına qarşı soyqırım törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.


Nazirliyin Mətbuat xidmətindən Agyol.Az-a verilən məlumata görə, bəyanatda deyilir:


"31 mart ermənilər tərəfindən 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.


1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.


1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib.


Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə etdi. 1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.


Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.


Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.


1980-ci illərin sonlarından etibarən Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırım aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir.


Mart qırğınının günahsız qurbanlarının xatirəsini anıraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq".

 




  Yayım tarixi :30 Mart 2019   11:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .