XƏBƏR
15:40

  "Mitinq keçirmək, üç-beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər var"

Gündəm

Xəbər lenti

Ötən gün Prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirə keçirdi və sığorta ilə bağlı göstəriş verildi. Hesab edirəm ki, Milli Məclisin İqtisadiyyat və sahibkarlıq komitəsində bununla bağlı layihələr hazırlanmalıdır.


Agyol.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.


O bildirib ki, qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır: "Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda, demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyirlər. Əgər hər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərinə götürürlər".


S.Novruzov təəssüflə qeyd edib ki, Azərbaycanda baş verən bu cür hadisələrdən sui-istifadə edənlər var: "Bəziləri insanları mitinqlərə çağırır. müxtəlif çağırışlar edirlər. Ötən il prezident seçkilərindən sonra dövlət başçısı söylədi ki, bütün debatları dinləyib və bu məsələlər onun diqqətindədir. Ümumxalq səsverməsindən sonra Prezident elan etdi ki, problemlər həllini tapacaq. Artıq hər kəs görür ki, mərhələli şəkildə bütün problemlər öz həllini tapır. Problemlərin həllinə milyardlarla vəsait ayrılır. Amma təəssüf ki, mitinq keçirmək, üç- beş adam yığıb nəsə deməklə islahatları öz adlarına çıxmaq istəyənlər ortaya çıxıb. Burada məqsəd ölkədə gedən islahatlardan çəkindirmək, baş verənləri cəmiyyətə öz adlarından təqdim etməkdir".


Deputat söyləyib ki, həmin qüvvələr hələ 90-cı illərdə belə hadisələrdən hakimiyyətə gəlmək üçün sui-istifadə ediblər: "Yanğında, zəlzələdə zərərçəkənlərin yanında olmaq əvəzinə müxtəlif mitinq çağırışları edilir. Belə addımlarla insanlara yanlış informasiyalar verilir. Bu gün qibləsini tanımayan Əli Kərimli və Sevinc Osmanqızı Azərbaycandakı islahatları tamamailə fərqli şəkildə dünyaya çatdırmaq istəyirlər. Onların qibləsi ABŞ-dır".


Cənab Prezident tərəfindən imzalanan əfv sərəncamının hər hansı təzyiqlər əsasında imzalanmasına dair yanlış fikirlərin irəli sürüldüyünü pisləyən S.Novruzov vurğulayıb ki, əfv sərəncamı kimlərinsə təzyiq vasitəsilə həyata keçirilməyib: "Bu, ölkə başçısının humanist addımı və vətəndaşların müraciəti əsasında həyata keçirilir. Sərəncamın qəti şəkildə kimlərinsə bəyanatı ilə əlaqəsi yoxdur. Azərbaycan demokratik dövlətdir, heç kimin daxili işlərinə qarışmır və kimsə də bizim işimizə qarışa bilməz. Azərbaycan dövləti xalqın yanındadır. Ölkə başçısı ötən gün keçirilən müşavirədə də söylədi ki, baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır. Zaqatalada, Şamaxıda baş verən zəlzələlər zamanı ölkə başçısı onların yanında olub".

 




  Yayım tarixi :29 Mart 2019   15:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .