XƏBƏR
21:26

  Diaspor rəhbəri elmlər doktoru oldu – FOTO

Gündəm

Xəbər lenti

Agol.az xəbər verir ki,Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Hüquq elmi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.


Azadinform xəbər verir ki, hüquq elmləri doktoru diplomunu H.Cavadova Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun Elmi Şurasında İnstitutun direktoru, akademik Y.S.Şemşuçenko təqdim edib.


Qeyd edək ki, Hikmət Cavadov 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2007-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsini bitirərək 2008-ci ildə Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 


2004-cü ildən Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunda elmi fəaliyyətlə məşğul olan H.Cavadov 2009-2013-cü illərdə kiçik elmi işçi, 2013-2016-cı illərdə həmin institutun doktorantı olub, hazırda elmi işçi vəzifəsində çalışır. Bu müddətdə H.Cavadovun hüquq elmi üzrə 2 monoqrafiyası və 40-dan çox elmi məqaləsi çapdan çıxıb


H.Cavadov 2005-2012-ci illərdə “Demokratiyanın Nəbzi” Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb, 2010-cu ildən “Slovo Azerbaydjana” ümumukrayna qəzetinin şef redaktorudur. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur.


Ötən müddət ərzində Azərbaycanla bağlı bir sıra uğurlu layihələrə imza atıb. H.Cavadov Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş 3 elmi konfransın keçirilməsinə (2009-2011-ci illər), Ukrayna-Azərbaycan münasibətlərindən bəhs edən “Ukraina- Azerbaydjan” Xronika 2000 almanaxının nəşrinə (2010-cu il), Ukrayna - Azərbaycan münasibətlərinə həsr olunmuş “Film o drujbe” tarixi-sənədli filminin hazırlanmasına (2010-cu il), Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə “Diaspor məktəbləri üçün xüsusi dərslik” birgə layihəsinin təşkilinə (2012-ci il), “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Təşkilatı ilə UABD-nin birgə layihəsi olan “Pilot kotorıy videl ad” tarixi-sənədli filminin ərsəyə gəlməsinə (2012-ci il), Ukraynanın müxtəlif vilayətlərində “Azərbaycan dili Diaspor məktəblərinin”nin təsis edilməsinə (2010-2015) nail olub.


H.Cavadov 2014-2016-cı illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukrayna Diaspor Mərkəzinin baş koordinatoru olub. 2016-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

 




  Yayım tarixi :28 Mart 2019   21:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .