XƏBƏR
13:17

  Evimizə qaytarılan qonaq: Bizim AzTV

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Rəfail Becanov, "Cümhuriyət" qəzetinin baş redaktoru


Yeniyetmə və gəncliyimizin böyük bir dövrü təkcə Azərbaycan Televiziyası ilə bağlıdır. Bizim “Youtube”muz da, “Facebook”umuz da Azərbaycan Televiziyası idi. Ekranda göstərilən hər kino, musiqi nömrəsi bizim üçün əvəzedilməz nemət olurdu.


Təbii ki, Azərbaycan Televiziyası dedikdə də ağıla gələn AzTV-dir (Azərbaycan Dövlət Televiziyası), çünki hər kəsin başa düşəcəyi doğma dilimizdə bircə kanal vardı. Yəni, AzTV-nin öz tarixi var. İndi çoxunun bəyənmədiyi AzTV-nin ozamankı film, konsert, tamaşaları ucsuz-bucaqsız SSRİ sərhədləri daxilində yaşamağımıza və beynəlmiləlçi düşüncəmizə, patriot sovet vətənsevərliyimizə  rəğmən, təkcə milli hislərimizi, mentalitetimizi deyil, həm də dilimizi qoruyub saxlamaqda əvəzsiz rol oynayıb. Ona görə AzTV geriləyəndə, tamaşaçı auditoriyasını itirəndə, sosial şəbəkələrdə gülüş predmetinə çevriləndə, başqa sözlə, müasir televiziya standartlarından geri qalanda özümüzdən asılı olmadan pis əhvalda, yaxşı, dinamik olanda dilimizdə bəyənməsək də, içimizdə rahat oluruq.


İlk dəfə televizoru 6 yaşımda görmüşəm. Bilmirəm ona qədər televizorumuz olub mən xatırlamıram, ya olmayıb. 1974-cü ildə evimizə təzə “Rekord” televizor alınmışdı. Ona baxmağı səbrsizliklə gözləyirdim. Bəlkə də elə o sonsuz marağın nəticəsidir ki, həmin günlərin bəzi xatirələri yaddaşımdan silinmir. Axşam kəndimizin ara həkimi kimi tanınan Şəhri nənə də bizdəydi və təptəzə “Rekord” televizoru cərəyana qoşulan kimi təbii ki, AzTV-ni göstərdi. Həkim nənə narahatlıqla başının yaylığını düzəltməyə çalışırdı. Narahatlığının səbəbini soruşanda "Axı onlar da bizi görürlər", - deyə cavab verdi. Uşaq ağlımızla biz xeyli gülüşdük.


Bir də rayonumuzun iki televizor ustasından biri olan və böyüklərin  “Bığ” dediyi Əzizxan əminin yayım siqnalı qəbul etmək üçün bizim “antena” dediyimiz o ötürücünü damda quraşdırmasının çətinliyi və onunla bərabər keçən o günümüz AzTV-ni bizə daha da doğma edirdi.


Sonradan o televiziya bizə Flora Kərimovanı, Mirzə Babayevi, Sabir Mirzəyevi, Əbülfət Əliyevi və başqalarını tanıtdırdı. Bəxtiyar Vahabzadəni, elə Süleyman Rüstəmi, Mirzə İbrahimovu da o televiziyadan tanıdıq. Futboldan hokkeyə qədər hər şeyi AzTV ilə sevdik. Banişevskidən Bloxinə, İsgəndər Cavadovdan, Maşallah Əhmədovdan İqor Ponamoryova qədər. “Baharın 17 anı” başlayanda bizim də baharımız başlayırdı, özümüzü Ştirlits hesab edirdik, “Uzaq sahillərdə”yə baxanda hamımız Mixaylo olmaq istəyirdik, indiki gənclər Polad Alemdar olmaq istədikləri kimi. Bizim AzTV bizə bir az da sentimentallıq öyrədirdi. “Evləri köndələn yar”la, “Səni axtarıram”la... Yaşar Nuri, Səməndər Rzayev, Səyavuş Aslan kimi böyük sənətkarların oynadığı obrazlara bənzəmək istəyənlərimiz də olurdu. Bizim yaşıdlarımız belə böyüyürdü. Kimi özünü Elçinin, kimi Gülnarın yerində təsəvvür edirdi, kimsə də bir anlıq Şakir Şəkəroviç kimi görünmək istəyirdi. Hərdən sıramızda "Bazarkom" Nadirə bənzəmək istəyənlər də tapılırdı... AzTV-nin əziz və doğma olmasının səbəbləri məhz budur.


Tale elə gətirdi ki, şəxsi həyatımda da AzTV-nin maraqlı çalarları oldu. Televiziya ekranında ilk dəfə görünməyim AzTV-yə təsadüf edir.  O zaman, hələ başqa televiziyalarımızın olmadığı vaxtlar tələbələrin asudə vaxtının səmərəli olması üçün bir mərkəzimiz vardı, AzTV oradan reportaj hazırlamışdı. Sonra tələbə kimi Xocalıda olanda da yenə AzTV-nin ekranında göründük. Evimizdə gizli Xocalı səfərimdən də elə AzTV-nin hesabına xəbər tutdular. Allahverdi Eminov çəkmişdi.


AzTV-nin mənimlə, mənim də AzTV ilə duyğusal bir bağlılığım olduğundan, ANA KANALDA nə baş verirsə, diqqətimdən qaçmır. Çalışıram ki, izləyim, hamının etiraz etdiyi vaxt məni AzTV-yə baxan görənləri təəccübləndirsəm də. 


AzTV ötən əsrin 90-cı illərində Milli Azadlıq Hərəkatının təbliğində də özünəməxsus rol oynayıb. Canlı yayımlarla, müxtəlif diskussiyalarla.


Böyük bir tarixi olan bu kanal son illər ən çox tənqidə məruz qalan bir televiziyaya çevrilmişdi. Kadr potensialına və böyük imkanlarına rəğmən bayağı verilişləri ilə gülüş obyekti olmuşdu. Sonuncu mogikanları olan ustad Qulu Məhərrəmlinin “Səhər”indən, dostumuz İbrahim Məmmədlinin analitik verilişilərindən sonra ya Səyyad Ağbabalı ilə xatırlanırdı, ya da heç nə ilə... Köhnə düşüncələr, müasir zamanın tələblərinə uymayan, kreativ efir məkanından kilometrlərcə uzaq bir kanal bizim nəzərimizdə paslanmış kotana dönmüşdü. Dahilərdən biri deyib ki, televiziya o dərəcədə önəmlidir, onu ancaq televiziya işçilərinin öhdəsinə buraxmaq olmaz. Son illərin AzTV-si isə məhz bir iradədən asılmışdı, sanki çarmıxa çəkilirdi...


Nə yaxşı ki, hər şey dəyişdi...


Dəyişiklik son vaxtlar AzTV-də başqa bir atmosfer yaradıb. Yeni rəhbərlik AzTV-nin əvvəlki təsirini, gücünü, şöhrətini qaytarmaq xəttini əsas tutub. İndiki müşahidələr bunu deməyə əsas verir ki, AzTV yenidən bizimkiləşir, yəni Azərbaycan tamaşaçısının kanalına çevrilir.


Verilişlərin məzmun və forması müasirləşir, fikir müxtəlifliyi, canlı diskussiyalar efirə gətirilir. Studiyalar müasir dizaynla, dünyanın aparıcı kanalları ilə müqayisə ediləcək tərzdə yenilənir. Tematika dəyişir. Dəyişikliklər nəticəsində də istər İnformasiya Proqramları Studiyasının “Xəbərlər”i, istər “Rakurs”, “Planet” kimi siyasi verilişlər baxımlılıq standartlarına uyğunlaşır və özünün tamaşaçı auditoriyasını toplayıb. Sevinməyə dəyər.


AzTV-nin elə buna görə tənqid edirdilər, yaxud edirdik ki, efir standartları məhv edilib, günün reallıqlarına cavab vermir. Bu gün düşündüklərimiz həyata keçirsə, yeniliklər varsa və davam edirsə, dinamik inkişaf konsepsiyası mövcuddursa, tamaşaçıların “BİZİM AzTV” deməyə hazırlaşmasına dəyər.


AzTV-nin milli mentalitetimizlə də xüsusi bağlılığı olub. İnformasiya sistemlərinin, müxtəlif efir məkanlarının bütün təsirlərinə baxmayaraq, milli mentallığımızı hamıdan fərqli qoruyub. Amma son illər bu mentallıq da itirilmək üzrəydi. Musiqidən kinoya qədər zövqümüzü korlayanların sırasında AzTV də görünürdü. Yenidən Bədii Şuranın yaradılması milli dəyər və əxlaq normalarının - söhbət mühafizəkarlıqdan deyil, məhz əxlaqi prinsiplərdən gedir - qorunmasına doğru başlanan inqilabi gedişdir.


Televiziyanın gələcək fəaliyyəti ilə bağlı verilən məlumatlar sabahkı AzTV-yə baxmaq üçün bir milli ümid qığılcımıdır. Həmin məlumatlara görə, böyük və ciddi ekran əsərlərinin efirə gələcəyi gözlənilir. Bunların sırasında isə Nəsiminin 650 illik yubileyinə ithaf olunan sənədli televiziya filmi də var. "Son gecə" adlanacaq film Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında ölməz şairin edamından əvvəlki son gecə haqqında olacaq. İl ərzində isə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan "Mirzə Cəlil", Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edən 10-15 seriyalı, Anarın ssenarisi əsasında "Azad bir quş idim", həmçinin Şah İsmayıl, Sultan Səlim Yavuz, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan "Fatehlərin divanı" kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq. Bunu efir tariximizin inqilabı hesab etmək olar. Bu addımlar tamaşaçı auditoriyası üçün böyük töhfədir. Tarixi aclığı olan tamaşaçıya da nəsə verilirsə, bu, televiziyanın uğuru kimi tamaşaçının da seçimini qazanmaqdır.


AzTV-də gedən dəyişikliklər cəmiyyətin diqqətindədir. Bu müsbət dinamika AzTV-ni bizimki edir və unutmadığımız ANA KANAL yenidən bizim olur  - yəni tamaçının evinə qayıdır. Bu çağırılmamış qonaq yeni formatla, yeni düşüncəylə, tematika və dizaynla qapılardan içəri girəcəksə, tamaşaçılar da onu əziz qonaq kimi qarşılayacaq. AzTV indi həmin qonaqdır...

 




  Yayım tarixi :27 Mart 2019   13:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .