2018-ci ildə “Kaspersky Lab” 500 milyona yaxın
fişinq səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu ötən illə müqayisədə 2 dəfə
çoxdur.
Agyol.az-in məlumatına görə, “Kaspersky Lab” bu il ilk dəfə olaraq Azərbaycanı
fişing hücumlar monitorinqinə daxil edib. Azərbaycan 169 ölkə
arasında 13.83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni
28.28%-lə Braziliya tutur. Sinqapur 4.54% göstərici ilə sonuncudur:
“2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar
xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz
kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil
artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq,
fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə
çalışırlar”.
Fişinq hücumuna məruz qalmış qurbanların
fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də
lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş
mükafatlandırmadır.
2018-ci ildə “Kaspersky Lab” həlləri bu tipli
saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya,
istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir: Öncə
istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi
və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək
məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan
fırıldaqçılıqda “qurban”ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu
mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah
edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq
olaraq, bir o qədər artıq olacaq.
Ötən il “Kaspersky Lab” “özüyayılan” fişinqi ifşa
etdi. Bu fişinq əsasən messenger və sosial şəbəkələrdə, xüsusilə də
“Whatsapp”da çox geniş yayılmışdı. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə
pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirdilər.
Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında
paylaşılması təklif olunurdu.
Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky
Lab” istifadəçilərə sadə qaydalara riayət etməyi tövsiyə edir:
* Məktub göndərənin ünvanını və məktuba daxil
olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər
istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil
etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşirsinizsə, mütləq
şifrəni yenisi ilə əvəzləyin.
* Vacib saytlara daxil olarkən (məsələn internet
bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca,
ictimai WI-FI sistemindən uzaq qaçın. Bütün bunlar fişinq səhifələrə girmə
ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün
xüsusi proqram və həllərdən istifadə edin.
* Anti-fişinq texnologiyaları ilə olan qorunma
həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə
xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.