XƏBƏR
09:20

  Azərbaycanın Bolqarıstandakı Səfirliyi qadınların ictimai həyatda iştirakının vacibliyinə həsr olunmuş təşəbbüsdə iştirak edib (FOTO)

Gündəm

Xəbər lenti

Azərbaycan Səfirliyi Böyük Britaniyanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı və Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotovanın dəstəyi ilə Bolqarıstanda keçirilən “Bir günlük Səfir” adlı təşəbbüsdə aktiv iştirak edib. İki il ardıcıl olaraq keçirilən və qadınların ictimai həyatda iştirakının təşviqinə yönəlmiş bu təşəbbüs Bolqarıstanın müxtəlif regionlarından 13 istedadlı şagirdin seçilməsi, onlardan hər birinin bir Səfirlik və qeyri-hökumət təşkilatına təhkim olunmasını və beləliklə onların ölkənin ictimai həyatında aktiv iştirakına nail olunmasını nəzərdə tutur.

 

Agyol.az xəbər verir ki,Təşəbbüs çərçivəsində Azərbaycan Səfirliyi üçün seçilmiş Vidin şəhərində kompyuter texnologiyaları sahəsində təhsil alan Qerqana Qeorqiyeva üçün cari ilin fevral və mart ayları ərzində bir sıra tədbirlər təşkil edib. Belə ki, səfir Nərgiz Qurbanova Q.Qeorgiyeva ilə görüş keçirib, ona Azərbaycan haqqında ətraflı məlumat verib, Səfirliyin fəaliyyəti, iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri barədə ətraflı bəhs edib.

 

Səfirlik tərəfindən Q.Qeorqiyevanın iştirakı ilə Sofiya şəhərinin İzgrev rayonunda yerləşən 105 saylı orta məktəbdə 4-cü sinif şagirdləri üçün robot texnikası üzrə açıq dərs təşkil edilib. Dərs zamanı Q.Qeorgiyeva robot texnikası və onun tətbiq sahələri barədə şagirdlərə məlumat verib, onlara bu dərs üçün xüsusi hazırlanmış robotu nümayiş etdirib. Daha sonra uşaqlarla Azərbaycanla bağlı online sual-cavab oyunu keçirilib. Açıq dərsdə səfir Nərgiz Qurbanova, İzgrev rayonunun meri Tsvetomir Jekov və 105 saylı orta məktəbin direktoru Tsvetanka Kostadinova iştirak ediblər. Dərsin sonunda şagirdlərə Azərbaycanda geniş qeyd olunan Novruz bayramı haqqında ətraflı məlumat verilib və milli şirniyyatlar paylanılıb.

Səfir N.Qurbanova və Q.Qeorgiyeva həmçinin bu təşəbbüsün yekun tədbirində də iştirak edib. Tədbirdə bütün iştirakçılar bir araya gələrək təşəbbüs çərçivəsində görülmüş işlər, təşkil olunmuş fəaliyyətlər barədə məlumat verib, şagirdlər qazandıqları təcrübə və təəssüratları ilə bölüşüb. Sonra bütün şagirdlər sertifikatla təltif edilib. Tədbirə Bolqarıstan Respublikasının Vitse-prezidenti İliana Yotova, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri qatılıb. Tədbir Bolqarıstan mediasında geniş işıqlandırılıb.

 

Qeyd olunmalıdır ki, Azərbaycan Səfirliyi başlanğıcdan bu təşəbbüsə qoşulmuş və 2018-ci ildə Boyana Vuynova adında Sofiyada təhsil alan tələbə ilə birgə təşəbbüsdə iştirak edib.




  Yayım tarixi :09 Mart 2019   09:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .