XƏBƏR
15:42

  Sürücü qadınların sayı artıb

Gündəm

Xəbər lenti

 

2019-cu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

 

Agyol.az xəbər verir ki, ötən il doğulmuş 139,0 min körpənin 46,6 faizini qız uşaqları olub. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

 

Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

 

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

 

Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artıb.

 

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42 faizi qadınlardır.

 

Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə qadın deputatların xüsusi çəkisi 16,8 faizə çatıb.

 

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0 faiz təşkil edib.

 

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2018-ci ildə 7,4 faizədək artıb.

 

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.




  Yayım tarixi :07 Mart 2019   15:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .