XƏBƏR
16:35

  Prezident Sarkisyanla Paşinyanın döyüşü açıq müstəviyə çıxdı…

Gündəm

Xəbər lenti

“Onun vəzifəsi simvolik olsa da, Paşinyanın yanında çox nəhəng görünür”


Əhəd Məmmədli: “Paşinyan bilir ki, Ermənistandakı böhran dərinləşdikcə, prezidentin manevr alanı da genişlənəcək”

 

 Ermənistanın baş naziri Nikol Paşinyan yalnız təmsilçilik funksiyaları ilə məhdudlaşan prezident vəzifəsinin icraçısı Armen Sarkisyanla görüşərək, onun xarici səfərlərində keçirdiyi görüşlərdə özünü tam səlahiyyətli dövlət başçısı kimi aparmasına iradını bildirib. Bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti yazıb. Bildirilir ki, prezident iqamətgahında baş tutan görüş zamanı tərəflər müxtəlif məsələləri, xüsusilə də son dövrlər intensivləşən xarici səfərləri müzakirə ediblər.

 

Qəzet yazır ki, bu zaman Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanın xarici səfərlərdə “özbaşına” davranması və görüşlərin gündəliyini hökumətlə razılaşdırmamasına, müzakirələri gizli saxlamasına diqqət çəkib: “Bütün bu xarici siyasət gündəliyi, əlbəttə ki, bizim iqtisadi inqilabımızın maraqlarına xidmət etməlidir. Bilirəm ki, ötən müddət ərzində siz də bu məntiqə uyğun bir neçə görüşlər keçirmisiniz. Həmçinin, gələcəkdə razılaşmalarımızın icrasının daha effektiv olması üçün bu məlumatların uyğunlaşdırılması vacibdir”.

 

“Joxovurd”, həmçinin, qeyd edib: “Baş nazirin ilk baxışda adi görünən bu sözlərində, əslində, sətiraltı ciddi siyasi xəbərdarlıq var. Bununla Paşinyan prezident Armen Sarkisyanın son xarici səfərlərinə, daha dəqiq desək, həmin səfərlərdə iqtisadi sahədə əldə olunan razılaşmaların məxfiliyinə dolayı yolla açıq mənfi münasibətini ifadə etdi. Paşinyan deyir ki, prezident görüşlərdə əldə etdiyi informasiyanı onunla bölüşməli və uyğunlaşdırmalıdır”.

 

Vurğulanıb ki, Paşinyan bununla simvolik vəzifə daşıyan prezidentə yerini göstərib və Ermənistanda əsas hakimiyyətin öz əlində cəmləşdiyini xatırladıb. 

 

“Sirr deyil ki, son zamanlar prezident Armen Sarkisyan xarici səfərlərlə yaman məşğuldur. Ona görə də iqamətgahdakı söhbətdə Paşinyan, faktiki olaraq, konkret münasibət sərgilədi. Xüsusən də konstitusiyaya görə prezident xarici siyasət sahəsində olduqca məhdud səlahiyyətlərə malikdirsə və dövlətin adından hansısa razılaşmalara nail olmaq onun vəzifəsinə daxil deyilsə...” - “Joxovurd” yazıb.

 

O da istisna edilmir ki, baş nazir Paşinyanla prezident arasındakı bu “vəzifə davası” Armen Sarkisyanın keçmiş prezident Serj Sarkisyanın adamı olması ilə bağlıdır. Bu, eyni zamanda, Paşinyanın demokratiya imitasiyası arxasında gizlənən avtoritar xislətli şəxs olduğunun və Ermənistanda hakimiyyətdaxili mübarizənin qızışdığının göstəricisi sayıla bilərmi?

 

Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan tipli problemli ölkələrdə parlament idarəetmə modelinə keçid səhvdir: “Paşinyanın özü də baş nazir seçiləndən sonra dilinə gətirdi ki, görünür, səhv ediblər. Hətta o bildirmişdi ki, bəlkə də prezident üsul-idarəsinə qayıtmaq lazımdır. Siyasət reallığı sevir. Aydındır ki, bu addımı ilə Serj Sarkisyan hakimiyyətdə uzun müddət qalmağı  hədəflədi. Çünki onun yenidən prezident seçilib ölkəni idarə etmək kimi şansı yox idi. İndiki real situasiyadan xarici güclər məharətlə istifadə edirlər.  Ermənistanın yeni prezidenti Qərbdə böyük iş təcrübəsi keçmiş alimdir. O həm də geniş maliyyə imkanlarına sahibdir. Onun vəzifəsi simvolik olsa da, Paşinyanın yanında çox nəhəng görünür. Paşinyan həmin harizmanı həzm edə bilmir. Görünür, Paşinyan Qərbin onunla deyil, Sarkisyanla hesablaşdığını duymağa başlayıb. Paşinyan düşünür ki, Qərb dairələri Sarkisyanın əli ilə “Qarabağ klanı” ilə yeni ilişkiləri qura bilər. Paşinyan bilir ki, Ermənistandakı böhran dərinləşdikcə, prezidentin manevr alanı da genişlənəcək. Artıq real mənzərə belədir ki, hakim komanda rəqibləri sırasında müxalif siyasi qüvvələrlə yanaşı, Armen Sarkisyanı da görməyə başlayıb. Paşinyan indidən Sarkisyanı neytrallaşdırmaq istəyir. Bir çox inqilab liderləri daha çox avtoritar təfəkkürə malik olur. Paşinyan da bu baxımdan istisna deyil. Onun addımlarında bu aydın şəkildə özünü göstərir. Ermənistanda vəziyyət bir qədər də acınacaqlı müstəviyə keçsə, biz  prezident Sarkisyan - baş nazir Paşinyan duelinin şahidi olacağıq. Paşinyan prezidenti özünə  hətta müxalifətdən belə təhlükəli sayır”.




  Yayım tarixi :05 Mart 2019   16:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .