XƏBƏR
14:54

  Azərbaycan alimləri Fransada keçirilən beynəlxalq elmi konfransda

Gündəm

Xəbər lenti

Fransanın  Nitsa şəhərində AMEA-nın Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə “Bərabərlik: fəlsəfədən hüquqa” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Bir neçə dövlətin filosoflarının və hüquqşünas alimlərinin təmsil olunduğu Konfransda ölkəmizi AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, professor İlham Məmmədzadə,  Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru İsaxan Vəliyev, Nice Sophia Antipolis Universitetinin fəxri doktoru, Fəlsəfə İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva və həmin İnstitutunun elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova təmsil ediblər.

Tədbirdə “Hüquq fəlsəfəsində əxlaq, ədalət və mədəniyyət problemləri” mövzusunda çıxış edən professor İlham Məmmədzadə əxlaqın, ədalətin və davranış mədəniyyətinin fəlsəfi mahiyyətindən söhbət açıb, cəmiyyətin inkişafının hazırkı mərhələsində bu kateqoriyaların insanlar arasında bərabərliyin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, daha sonra beynəlxalq münasibətlərdə bərabərlik problemlərinə toxunaraq, Xocalı soyqırımının mahiyyətindən danışıb, ermənilərin Xocalı şəhərində törətdiyi kütləvi qırğını və bu qırğına münasibətdə ikili standartların mövcudluğunu bərabərlik hüququnun pozulmasının xarakterik nümunəsi kimi qiymətləndirib.

“Yaşamaq hüququ: fəlsəfi mahiyyət və hüquqi problemlər” mövzusunda çıxış edən professor İsaxan Vəliyev bütün digər insan hüquqlarının yaşamaq hüququndan törədiyini nəzəri cəhətdən əsaslandıraraq, bu hüququn hər cür pozulmasına görə məsuliyyət məsələlərinə toxunub. O, qeyd edib ki, müasir dünyada baş verən proseslər, bir sıra güc dövlətlərinin dünyanın yenidən bölüşdürülməsi iddiasına düşməsi, zəif inkişaf etmiş dövlətlərin təbii sərvətlərinin ələ keçirilməsi uğrunda silahlı münaqişələrdə insanların bərabərlik və yaşamaq hüququna əhəmiyyət verilməməsi siyasi müstəvidə adi hala çevrilib və bu vəziyyət bir sıra hüquqi məsələlərin ənənəvi həllinə yeni münasibət tələb etməkdədir. Əks təqdirdə    yaşamaq şansının reallaşmasına imkan verən vasitələrdən istifadə etməklə həyatda qalmaq istəyi gündəlik həyatımızda daha çox müşahidə edilən hala çevriləcəkdir.

Konfransda Zöhrə Əliyevanın “Sosial-fəlsəfi doktrinalarda ədalət problemi ətrafında düşüncələr”,  Sevinc Həsənovanın “Makiavellinin əsərlərində əxlaqın və siyasətin nisbəti” mövzularında çıxışları yüksək maraqla qarşılanıb.

Diskussiya şəraitində keçən tədbirdə Nice Sophia Antipolis   Universitetinin Fəlsəfə, iqtisadiyyat və hüquq  fakültəsinin dekanı, professor Kristian Vallar, həmin fakültənin professorları Lea Raso, Philippe Vecrel, Elodie Auda və digərləri bərabərlik məfhumunu müxtəlif elmi müstəvilərdə təhlil edərək  mövcud beynəlxalq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış ediblər.

            Sonda professor İsaxan Vəliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmlər doktoru, professor Əli Həsənovun müəllifi olduğu “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” (Azərbaycan, türk, rus, ingilis, fransız, ərəb və Çin dillərində) və “Азербайджан в системе геополитических отношений на Южном Кавказе и в Каспийско-Черноморском бассейне” kitablarının bir neçə nüsxəsi  Nice Sophia Antipolis Universitetinin kitabxanasına hədiyyə edilib.

 

AMEA-nın Fəlsəfə İnstitutunun mətbuat xidməti




  Yayım tarixi :04 Mart 2019   14:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .